"Zirə" 500-cü qolunu vurub.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, klub tarixinin yubiley topu Misli Premyer Liqasının V turunun "Şamaxı" ilə ev matçına təsadüf edib.
Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior "Zirə"nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.
Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən "qartallar" neytral meydanlarda 2 dəfə seviniblər.
Qeyd edək ki, 2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.