AZ

Möcüzələr Adası nın sakinləri ın Neft Daşları ndan REPORTAJI FOTOLENT

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Neft Daşlarına gedirik

“Dənizdə dalğanın hündürlüyü yüksəlib”, bu tip xəbərləri oxuyanda ağlıma həmişə neftçilər gəlir. Görəsən, neyləyirlər indi? Orada həyat necədir? Tənhalıq hiss edirlərmi? Evdən-eşikdən 15 gün, bəzən daha çox uzaq düşən neftçilər darıxırlarmı? Bayramlar iş günlərinə təsadüf edəndə kədərlənirlər? Görəsən, onların əlləri qara neftə bulaşıb? Üst-başları təmizdir? Bəs güclü küləkdə nə edirlər? Yedikləri yeməklər dadlıdır? Hər dəfə ailələri ilə sağollaşanda hansı hisslər keçirirlər? Kimsəsi olmayan neftçilər necə? Onları gözləyənlər varmı? İllərdir bu sualları düşünüb, cavab axtarırıq...

Bu suallara Lent.az-ın "qara qızıl"ın çıxdığı məkana yollanan əməkdaşı hazırladığı reportajda hərtərəfli cavab verəcək. 

İndi isə necə bir cazibəli yerə getdiyimiz barədə danışmaq istərdik. 

“Öz qoynuna aldı bizi, bu buruqlar şəhəri…”

Onlar “Xəzər”in gözüdür, onlar dənizin ortasında, ucsuz-bucaqsız, torpağın belə, olmadığı yerdə, dəmir şəhərcikdə yaşayırlar. Onlar zəhmətkeşdirlər, işi çətindir, ağırdır, məsuliyyətlidir. Yaşadıqları şəhərcikdə 1 nəfər belə, işsiz qala bilməz. O şəhərcikdə hamı doğmadır, dostluq, mehribanlıq, hökm sürür. Orada ayrı bir dünya var, zəhmətkeşlər dünyası. 8-ci Dünya möcüzəsi. Onlar dişiylə, dırnağıyla Vətənə xidmət edirlər. Ölkə iqtisadiyyatının nömrə 1 keşikçisidir neftçilər. Orada işə səhlənkar yanaşmaq qeyri-mümkündür. Bir nəfərin səhvi böyük nəticələrə gətirib çıxara bilər.

HAŞİYƏ

Dünyada açıq dənizdə neft ilk dəfə "Neft Daşları"nda çıxarılıb. Pirallahı rayonunun inzibati ərazisinə daxil olan Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. 7 noyabr 1949-cu il tarixində ilk quyu neft fontanı vurub, bununla da dünya nefti tarixində açıq dənizdə neft çıxarılmasının əsası qoyulub, "Qara Daşlar" "Neft Daşları"na çevrilib.

Qeyd edək ki, “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında ötən aylarda həyata keçirilən uğurlu tədbirlər nəticəsində hazırda gündəlik neft hasilatı 3 300 tona çatdırılıb. Bu da son 34 ildə qazanılan ən yüksək göstəricidir.

20 sentyabr neft-qaz sahəsində çalışanların peşə bayramıdır. Bu çətin peşəni icra edənləri görmək qürurludur.

Nəhayət illərin marağı cavabını tapır

Gəminin yola düşməsinə son dəqiqələr qalmış, özümüzü çatdırırıq. İçəri daxil olan kimi "Neft Daşları"nın sakinlərini görürəm. Mənə görə, insan ən çox vaxt keçirdiyi yerin sakini olur. Onlardan doğmalıq hiss olunur. Zəhmətkeş insanın əlinin damarları, gözlərinin içi bir başqadır. Yol boyu kimisi yatdı, kimisi deyib-güldü, kimisi də övladları ilə telefonla danışdı. 3 saatlıq səfərdən sonra "Neft Daşları"na, yox, yox “Möcüzələr Adası”na çatdıq. Dəmir borular üzərində binalar ucaldılıb, hətta bağ salınıb, bəli, bəli, onların kiçik parkları belə, var. Armud, nar ağacları əkilib. Deyirlər, bu armud bir bar verir ki, gəl görəsən. Nə deyirik, bar verəndə bir də gələrik, görərik. Həm də deyirlər ki, buradakı torpaq gəmi ilə sahildən daşınaraq gətirilib.

Çörək zavodu

İlk diqqətimi çəkən burada “Çörək zavodu” yazılan kiçik tikili olur. Marağımı saxlaya bilməyib, bizi müşayiət edən nümayəndədən soruşuram: “Doğrudanmı çörəyi burada bişirirlər? Elə buradaca isti-isti alıb, yemək olur? Kim bilir, bişəndə ətri necə bürüyür bu binaları…” “Bəlkə də, ən dadlı çörəklər burada bişir. Həm də, zövqə görə, qara və ağ unla. Gedək, yeyək, dadına siz qərar verin”, deyirlər.

“Həqiqətən də dadlıdır”.

Pişiklərin dostu

Yeməyimi yeyə-yeyə pəncərədən boylanıram. Ətrafdakı binalar bir tərəfdən sakit görünür, o biri tərəfdən isə neft çıxaran avadanlıqların dayanmayan uğultusu gəlir. Amma qəribədir, bu gurultunun içində bir səssizlik də var. Xırdaca məhəllədə adam görünmür, mənzillərin pəncərələri bağlıdır. Çünki hamı iş başındadır, hamı dənizin qoynunda, buruqların üstündədir.

Baxıram mənzillərə, balkonlardakı hər ipdən bir ya iki geyim asılıb. Qəribədir, elə bil burada təklik var. Sanki neftçilər bu şəhərcikdə həm var, həm də yoxdurlar.

Onların zəhməti, alın tərini görürsən, amma özlərini görə bilmirsən. Ailə yoxdur, uşaq səsi eşidilmir. Bu darısqal məkanda yalnız pişiklər və onların balaları dolaşır. Və ən maraqlısı budur ki, şəhərciyin hər sakini – qadın, kişi, gənc, yaşlı həmin pişiklərə sanki öz övladlarıymış kimi baxır. Onları yedirdir, sığallayır, isti bir qayğı göstərir. Elə bil ki, bu soyuq dəmir, gurultulu avadanlıqlar arasında pişiklər insanlara həyatın yumşaqlığını, nəvazişini xatırladır.

Yeməyimizi bitirib, anbara ölçülərimizə uyğun forma axtarmağa gedirik. Anbardar da xanımdır. Geyinməyimizə köməklik edir, hazırlaşıb, düşürük yola. Buranı vəsf etməklə iş bitmir. İşi gərək, peşəkardan öyrənəsən deyib, müsahiblərimizin yanına yollanırıq.

Məhəllədəki parkda müsahibimizlə qarşılaşıb, hal-əhval tuturuq.

5 saylı neft-qaz istismar sahəsində neft-qaz hasilatı üzrə operator vəzifəsini icra edən müsahibimiz Vasim Həsənov deyir ki, güclü küləklər, hündür dalğalar belə, onların işinə əngəl törətmir:

“10 ildir bu sahədəyəm. İnanın ki, ilk dəfə işə gələndə necə sevinirdimsə, bu gün də o hissləri keçirirəm. İnsan bilir ki, buraya- Neft Daşlarına işinin arxasınca gəlir, həm də iş yoldaşları ona güvənir, arxayındırlar. Biz burada komandayıq. Yaxşı dostlarım var. Amma deyim ki, evdən uzaq qalmaq çətin deyil? Yox, bu, neftçi üçün çətindir, lakin ən az o qədər də qürurludur. Bu işin ən çətin tərəfi küləklə, fırtına ilə mübarizə aparmaqdır. Çünki bu, bizim əlimizdə deyil. Amma buna baxmayaraq, SOCAR tərəfindən təhlükəsizliyimiz qorunduğu üçün hündür dalğalarda, güclü küləklərdə belə, rahatlıqla işləyə bilirik. Külək yalnız bizi üşüdür, işimiz isə yarımçıq qalmır, qala da bilməz. Hər kəs özünə və ətrafındakı iş yoldaşlarının təhlükəsizliyinə cavabdehdir. Mənim hansısa kiçik texnoloji səhvim bütün iş yoldaşlarımın həyatına son qoya bilər. Məhz buna görə hamımız bir-birimizin işinə qarışmadan nəzarət edirik, əgər həqiqətən səhvimiz varsa, o zaman əlbəttə ki, müdaxilə edilir”.

V.Həsənov onu da deyir ki, Xəzərin bu üzündəki həyatla, digər tərəfi arasında fərq çoxdur.

Onun sözlərinə görə insan "Neft Daşları"nda daim məsuliyyət hiss edir. Axşam işdən qayıdıb, dostları ilə görüşəndə belə, bu duyğu onların ürəyindən səngimir. O, 15 günlük iş rejimində 7 gün gündüz, 8 gün isə gecə növbəsi səhər saat 7-dən axşam 7-yə kimi, yaxud əksinə işləyir.

 - Bəs yeməyi harada yeyirsiniz?

- İş yerlərimizdə yemək hazırlamaq üçün mətbəx var. Evdən gələndə çantamızdakı hazır yeməkləri orada isidə bilirik. Hərdən də ümumi yeməkxanaya gəlib, burada yeyirik.

Danışa-danışa ağlıma işə gecikmək sualı gəlir. Görəsən, iş ilə yaşayış yeri yaxın olanda da gecikirlər?

Müsahibimiz deyir ki, səhər otağımdan çıxanda bir-bir qapıları döyüb, yatanları oyadıram.

“Maşına əyləşəndə kiminsə olmadığı görən kimi zəng edirik, zəngi açmırsa, gedib qapısını döyüb, oyadıb, gətiririk. İnsanıq, telefonumuz xarab olar, ya səhhətimiz pisləşər, yatıb qalarıq, xəbər verə bilmərik. Burada hamı ayıq-sayıqdır".

Müsahibimizlə sağollaşıb, digəri ilə tanış oluruq. Neftçilərin iş şəraitini daha aydın görmək üçün “Çay Evi” yazılan binanın terrasına çıxırıq.  Buradan mənzərə maraqlı görünür. Öz-özümə deyirəm ki, gecə burada oturub, yaxşı çay içmək olar.

Deyəsən, gecə yağış yağıbmış, xırda gölməçələrə düşməmək üçün diqqətlə addımlayıb, müsahibə üçün münasib yer seçirik.

11-ci dərəcəli quyuların təmiri üzrə mühəndis olan Ağaxan Mehrəliyev 6 ildir neftçi kimi işləyir.

- Quyu təmiri üzrə mühəndissiniz. Hər gün quyu təmir edirsiniz?

- Burada 16 quyu var. Hər gün o neft və qaz quyularında briqadalarımızla birgə təmir aparırıq.

- Olmaz ki, bir dəfə təmir edəsiniz? Hər gün təmirə ehtiyac var?

- Mütləq hər gün təmir etməliyik. Quyu sayı çox olduğundan, hətta birində təmir bitməmiş digərinə briqada ehtiyacı yaranır. Bu təmirlər quyudaxili olduğu üçün kənardan baxanda bunu görə bilmirik.

- Quyular buradadırsa, baxmaq istəyirəm.

- Quyularımız burada yox, bir qədər kənardadır, ona görə göstərə bilməyəcəm.

Quyularla bağlı çox sual-cavabdan sonra müsahibimiz işin ən çətin tərəfi barədə danışır. Fikirləşirəm ki, necə yəni, Vasim Həsənov da eyni cavabı vermişdi: “Evdən uzaq qalmaq ən çətinidir…”.

“6 il ərzində əksər bayramlarda evdə olmamışam. Bayramlarda dost-tanışlarla yeməkxanada, ya da Çay evində oturub, yemək yeyib, çay içirik”.

­- Xanım iş yoldaşlarınız var?

- Sadəcə çox az xanımla rastlaşmaq olar, amma idarə heyətində, bəli.

Müsahibimiz Ağaxan Mehrəliyev deyir ki, bu illər ərzində işlə bağlı onun ən çox yadında qalan hadisə fəhlədən, mühəndis vəzifəsinə keçməsidir:

“Mühəndis üzrə vakansiyalar olmayanda, qazmaçı fəhlə işləyəndə belə, hazırlaşırdım ki, ixtisasım üzrə işləyim. Bu sahəni yaxşı bilirdim. Bir gün evə gedəndə, briqadamızda usta olan dostum zəng etdi ki, vakansiya var, tez ora müraciət et. Mən də müraciət etdim. Təsəvvür edin, imtahan günü işdəyəm, imtahana yollanmaq üçün həmin gün bütün nəqliyyat növlərindən (hava, gəmi, avtomobil) istifadə etdim (gülür). Cavablar açıqlananda da işdə idim. O vaxtkı sevincimi sizə izah edə bilmərəm”.

Ağaxan bəylə sağollaşıb, terrasdan enirik. Elə, bu dəmdə fotoqrafımız Rüfət deyir ki, ora bax! Zəhmətkeş işçilərdən biri daha. Mən də səhərdən bəri buranın sakinlərini axtarırdım (müsahiblər istisnadır-müəl.) axır ki, gördüm. Təmir işləri ilə məşğul olan ustalar birgə çalışıb, tez zamanda problemin öhtəsindən gəldilər.

İlk müsahibim demişdi axı, burada bir işi görəndə digərləri də ona nəzarət edir. Elə bu sözlə foto da yerinə düşdü, lap.

Bir az ətrafda gəzinəndən sonra "Neft Daşları" NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğular sahəsinin rəis müavini Murad Adıgözəlov bizi qarışlayır.

Murad bəyin bir igidin ömrü qədər təcrübəsi var – 38 il. O deyir ki, hər ayın 15 günü evdə olduğumuza görə, bu işə başlayandan 19 il ailəmlə birgə vaxt keçirmişəm. Düz 30 bayramı (Yeni ili, Novruzu) burada, 8-ni evdə keçirmişəm.

Müsahibim şəhərciyin salınmasından, ilk neftin çıxdığı yerlərdən bəhs edir. O deyir ki, bax, o qarşıdakı yerdən ilk dəfə neft çıxıb. Bura bir tarixdir. Daha sonra Neft Daşlarındakı ağ heykəlləri göstərib, gəlin, gəlin, yaxından baxaq. Görürsünüz, qadınlar da neftçi olub, olur və olacaqlar.

Divardakı şəklə baxın

Qadın azyaşlı oğlu ilə birlikdə neftçi ailə başçısını yola salır…

Müsahibimiz bizi parkla tanış edə-edə hasardakı şəkli göstərir. Onu çəkin: “Burada ən xoş və hüzünlü təəssürat bağışlayan şeylərdən biri o şəkildir. Reallıqdır, o şəkil”.

Sonra çevirilirik arxaya, şəhid neftçilərimizi göstərib, bunlar da qəhrəmanlardır. Buranın qəhrəmanlarıdır, deyir.

Bu adaya gələndən bəri, başıma dəbilqə qoyub, mən neft mədənini görmək istəyirəm deyirdim. Elə oldu ki, oraya işin peşəkarı ilə gedəsi olduq. Avtobusa minib, yola düşdük.

Yolboyu səmimi söhbət etdik.

“2023-cü ildə SOCAR Prezidenti tərəfindən “Fəxri Neftçi” döş nişanı ilə təltif olunmuşam. Bu işdə mənim əziyyətim boşa getməyib. Asan iş yoxdur, amma hər işin çətinliyinə getmək lazımdır. Əgər problemdən yayındınsa, onda peşəkar ola bilməzsən. Bu fəxri adı alanda 35 il idi ki, işləyirdim. Heç vaxt ağlıma gəlmirdi ki, mənə belə bir ad verərlər. Özümə deyirdim ki, mənim əziyyətimi Allah görür. Sizə də tövsiyə edirəm, vicdanınızla çalışın, xidmət edin, heç bir əziyyət cavabsız qalmır.

Bütün platformalarda sualtı dik dayaq borusu estakadaya çıxır. Platformaya gedən, qaz, işıq, neft – hamısı bu komminikasiya xətləri ilə ötürülür. Bir dəfə işdə çətin bir vəziyyət yarandı. Hava küləkli idi. Nərdivanı aşağı sallayıb, həmin xətti bağlamaq lazım idi. Təhlükəsizlik üçün kəmərləri taxıb, düşdüm aşağı. İşə yeni başlayan uşaqlar dedilər ki, siz niyə enirsiniz? Rəhbərsiniz, biz edərik. Onlara dedim ki, mən ömrümü yaşamışam, siz gəncsiniz. Nə isə olsa, qoy, mənə olsun. Onlar da mənim övladlarımdır. O gəncləri qorumalıyıq. Fikirləşirəm ki, mən onları qorusam, Allah da mənim övladlarımı qoruyar”, - deyir.

“Övladlarım universitetə qəbul olana qədər evimizdə nə internet, nə də anten olub”

Dərhal “niyə?” sualını verib, cavab gözləyirəm.

“Bu gün yediyim çörək, qazandığım pul təhsilimin hesabınadır. Oxumasaydım, burada, indiki Murad olmazdım. İstəyirdim ki, övladlarım da mənim kimi təhsili sevsinlər. Oğlum universitetə qəbul olan günü ona böyük, yaxşı bir telefon aldım. Hazırlıq dövründə sadə, düyməli, zəng gedib-gələn telefonu var idi.

Ömrün payızında valideyn uşağının bəhrəsini görəndə sanki istirahət edir, baxıb, fəxr edirsən!”

Neftçi müsahibimin sonuncu cümlələri adamı bir qədər dərinə aparır, düşündürür.

O deyir ki, neftçi ailələri qəhrəmandır. Biz ilin yarısını burada keçiririk, amma uşaqların tərbiyəsi, idarə olunması qadınların öhtəsinə düşür.

Avtobusla gedə-gedə pəncərədən yeni özülü görürük. 1646 saylı özül. Ətrafında heç bir şey olmasa da, oradan neft də gəlir, işıq da yanır.

Gəlib, çıxdıq neft mədəninə. Bura fikirləşdiyim mədənlərdən deyilmiş.

- Neftçi olmaq üçün üzməyi bacarmaq şərtdir?

- Biz işə qəbul olmamışdan qabaq onunla bağlı imtahan veririk. Bundan əlavə 5 ildən bir dənizdə sağ qalmaq kursunda iştirak edirik. Kursda qoruyucu jilet geyinib, helikopter maketinə minirik. Həmin maketlə bizi suyun altına salıb, çıxarırlar. Bu, qəza vəziyyəti üçün hazırlıqdır. Həmin an kəməri çıxarıb, oradan çıxıb, üzmək lazımdır.

- Çox həyəcanlıdır.

- Əlbəttə, həyəcanlıdır, amma bacarmalıyıq ki, real həyatda baş verəndə vəziyyətdən çıxa bilək.

Mədənlə tanış olub, yenidən avtobusa minirik. Daha sakit və küləksiz yerdə söhbətimizi davam etdirməyi planlayırıq. Yolboyu dənizin ortasındakı ağız hissəsi bağlanmış borular diqqətimi çəkir. Bunlar nədir? Niyə buradadır?, sualını verirəm.

Müsahibim bildirir ki, oradan vaxtı ilə neft çıxırmış. Neft bitdikdən sonra onun daxilindəki boruları çıxarıb, sementlə doldururlar. Bütün ləğv olunan quyular mütləq sementlənməlidir. Bu sementlər isə xüsusi maddələrdən hazırlanıb və məhz bu sahə üçün nəzərdə tutulub.

O həm də 38 illik təcrübəsinin ən çətin günündən bəhs edir:  

Bir dəfə 6 gün heç bir nəqliyyat vasitəsi gəlmədi. Küləkli-dumanlı hava olduğundan nə gəmi, nə də helikopter gəldi.

Bütün meydançalarda ehtiyat yemək bazası olur. Pis havalarda gəmi ərzaq gətirə bilməyəndə konservalardan istifadə olunur”.

- Burada yeməklər dadlıdır?

- Ev yeməyi qədər dadlı olmasa da, yaxşıdır.

Gəlib, çatdıq sakit və küləksiz bir hissəyə. Burada söhbətimizi davam etdiririk. Dənizdə çox böyük, iritonnajlı gəmiləri görüb, soruşuram: Heç olubmu, o gəmilər küləyə görə gəlib Neft Daşlarına çıxsınlar? Burada gecələsinlər.

“O mümkün deyil. Həmin görünən gəmilər Okean üçün nəzərdə tutulub, küləkdə də, fırtınada da işləyirlər, o biri ölkələrə gedirlər”.

Mavi Xəzərə baxıb deyirəm: Bəs balıq tutmaq? Balıq tutmağa, suda çimməyə icazə var?

“Həm çimmək, həm də balıq tutmaq qadağandır. Bununla bağlı sənəd də imzalamışıq”.

Müsahibimlə söhbətimizi yekunlaşdırıb, yenidən binaların olduğu tərəfə, məhəlləyə qayıdırıq.

Günorta nahar fasiləsi olduğundan işçilər ya avtobusla, ya piyada yeməkxanaya doğru gəlirlər.

Onlarla birgə biz də yeməkxananın yerləşdiyi binaya qalxırıq. Pilləkanları çıxdıqda, meyvə-tərəvəz qoxusu hiss olunur. Deyirəm, yəqin mətbəxdən gəlir bu qoxu. İkinci mərtəbəyə çıxanda görürəm ki, burada kiçik, bir otaq boyda meyvə-tərəvəz dükanı da var imiş.

Hər şey təp-təzə, ləziz görünür.

Yeməkxanaya çıxanda da yeməklərin ətri aləmi bürüyür.

Mətbəxə daxil olmaq üçün icazə istəyirəm. İcazədən sonra başıma papaq taxıram. İlk dəfə mətbəxdə olduğum o qədər bəllidir ki, saçı örtmək üçün nəzərdə tutulan papağı rəssamlar kimi taxmışam. Saçım tökülmür, qazanlara yaxın deyiləm, deyib, ün ərzində nə bişirirsiniz? Hər gün eyni yeməklər olur?  

Müsahibimiz Lalə Rəhimova deyir ki, o, burada 4 ildir çalışır. Hər gün salatları hazırlayır, qazanları yuyur.

“Burada işləmək mənim üçün xoşdur. Ailəli olsam da, bir müddət sonra insan bu mühitə öyrəşir. Hərdən ev üçün də darıxıram”.

- Sifarişlə yemək hazırlanır? Gündə neçə dəfə bişirirsiniz?

- Bəli, istəyən olanda sifarişlə hazırlayırıq. Gündə 3 dəfə yemək verilir.

Dadlı kotlet qoxusu gəlir, görməsən lülə kababdır, deyərsən. Elə bu dəmdə soruşuram: Kabab da bişirirsiniz?

“Kotletləri bişirən bəy deyir ki, burada kababdan başqa hər cür yemək var”.

Mətbəxlə bağlı suallarımı da yekunlaşdırıb, oradan çıxıram.

Yeməyimizi yeyib, işlərimizi bitirib, gəminin yolunu gözləyirik. Və nəhayət gəmi gəlir. İçərisindən 15 günü tamam olan neftçilər düşürlər. Qəribə mənzərədir: Yağış yağdığı üçün evə getməyi gözləyən neftçilər çardağın altında gözləyirlər. Nəhayət, gəmi tam boşalandan sonra evə getməyə hazırlaşırıq. Biz də, 15 gündür evindən uzaq düşən neftçilər də. Beləcə, günü yekunlaşdırırıq.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
lent.az

1Mənbələr