AZ

İlham Əliyevin yaratdığı bayramlar

Azərbaycanda bayramdır - Dövlət Suverenliyi Günü qeyd olunur. Bu bayram Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.

Suverenlik fransız dilində “souveraineté” sözündən əmələ gəlib, mənası ali hakimiyyət deməkdir. Bu sözü Azərbaycanda xalq hərəkatı dalğasında eşitməyə başlamışdıq. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, tam suveren ola bilmədi. Çünki həmin vaxt ərazisinin Dağlıq Qarabağ adlı bölgəsinə nəzarət müstəqilliyin elanından əvvəl itirilmişdi. Sonradan Ermənistanın açıq hərbi müdaxiləsi və işğalı nəticəsində Azərbaycanın ali hakimiyyət orqanlarının nəzarət edə bilmədiyi ərazilərinin həcmi 20%-ə yüksəldi. 

Bu proses 32 il davam etdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə baş verən 44 günlük Vətən (İkinci Qarabağ) müharibəsi zamanı Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları azad etdi. 2022-ci ilin 12-14 sentyabr döyüşləri və 2023-cü ilin 19-20 sentyabr tarixlərində gerçəkləşdirilən antiterror əməliyyatı nəticəsində isə 200 illik baş bəlamıza - erməni separatçılığına birdəfəlik son qoyuldu və Azərbaycan Respublikası beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri üzərində dövlət suverenliyini bərpa etdi. 

Hazırda dövlət suverenliyimizin bərqərar olmadığı 4 eksklav kəndimiz var. Bunlar 1990-cı illərdə işğal olunmuş Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir.

Qazax rayonunun Ermənistan tərəfindən işğal edilmiş kəndlərinin sayı 2024-cü ilədək 7 olub. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində adı çəkilən kəndlər Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Dövlət Suverenliyi Günü təkcə rəsmi tarix deyil, həm də milli qürurun simvoludur. 20 sentyabr tarixi 35 il il separatçılıqdan, terrorçuluqdan əziyyət çəkən, şəhidlər verən bir xalqın sülh içində yaşamaq əzminin göstəricisi və heç şübhəsiz ki, 8 Noyabr – Zəfər Günü ilə bir sırada dayanmağa layiq bayramdır.

Yeri gəlmişkən, hazırda Azərbaycan Respublikasında rəsmən 16 bayram var. Onlar aşağıdakılardır:

• Yeni il bayramı (yanvarın 1 və 2-si);

• Beynəlxalq Qadınlar Günü (martın 8-i);

• Faşizm üzərində Qələbə günü (mayın 9-u);

• Müstəqillik Günü (mayın 28-i);

• Milli Qurtuluş Günü (iyunun 15-i);

• Silahlı Qüvvələr Günü (iyunun 26-sı);

• Dövlət Suverenliyi Günü (sentyabrın 20-si);

• Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i);

• Zəfər Günü (noyabrın 8-i);

• Dövlət Bayrağı Günü (noyabrın 9-u);

• Konstitusiya Günü (noyabrın 12-si);

• Milli Dirçəliş Günü (noyabrın 17-si);

• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i);

• Novruz bayramı - beş gün;

• Qurban bayramı - iki gün;

• Ramazan bayramı - iki gün.

Yeni il bayramı, Beynəlxalq Qadınlar Günü, Faşizm üzərində Qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının Milli Qurtuluş Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Bayramlardan başqa, Azərbaycanda üç rəsmi ümummilli matəm günü də var:

• 20 Yanvar - Ümumxalq Hüzn Günü;

• 26 fevral - Xocalı soyqırımı qurbanlarının anım günü;

• 27 Sentyabr - Anım Günü.

İlham Əliyevin Prezident seçildiyi 2003-cü ilədək bayramların sayı indikindən daha az olub. Onun hakimiyyəti dövründə 3 bayram (8 noyabr - Zəfər Günü, 9 noyabr - Dövlət Bayrağı Günü və 20 Sentyabr - Dövlət Suverenliyi Günü) təsis olunub. Üç bayramdan ikisi məhz onun əmri ilə başlayan Vətən (İkinci Qarabağ) müharibəsi və antiterror əməliyyatı nəticəsində yaranıb. Vətən müharibəsi eyni zamanda 27 sentyabrın şəhidlərin Anım Günü elan olunmasına gətirib çıxarıb.

Bu üç bayram da, anım günü də bizimdir – Azərbaycanın və onun xalqınındır. Bu xalq o bayramların hər biri üçün qan töküb, övladları şəhid və qazi olub ki, əbədiyyən sülh və əmin-amanlıq içində yaşayaq, bayrağımız hər zaman ucalarda dalğalansın. 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Necə gözəl səslənir, deyilmi?

Bayramımız mübarək!

Allah şəhidlərimizə rəhmət eləsin!

Cavid İsmayıl,

Tarix üzrə fəlsəfə doktoru

Seçilən
13
news365.az

1Mənbələr