AZ

“Tbilisoba 2025”: Tbilisidə Azərbaycan mədəniyyətinə böyük maraq

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Bu gün Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı keçirilir.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək bayram ilə əlaqədar şəhərin mərkəzi küçə və parklarında – Rike parkı, Orbeliani meydanı, Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında müxtəlif pavliyon və guşələr yaradılıb.

“Tbilisoba” çərçivəsində Abanotubani rayonunda Heydər Əliyev Parkının qarşısında Tbilisi şəhər Şurasının dəstəyii ilə “Tbilisi müxtəlifliyi” adlı sərgi-satış yarmarkası da təşkil olunub. Sərgidə Gürcüstanın azərbaycanlı icması da daxil olmaqla ölkədə yaşayan milli azlıqlar öz milli adət-ənənələrini, mədəniyyət və mətbəx nümunələrini nümayiş etdirirlər.

“Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyası”nın yaratdığı “Azərbaycan Guşəsi”ndə Azərbaycan xalçaları, kəlağayı, azərbaycanlı xanımların əl işləri, rəsm əsərləri, şəkərbura, paxlava, badambura, şorqoğalı və digər mətbəx nümunələri, nar və digər meyvələr nümayiş etdirilir.

Guşəni ziyarət edənlər Azərbaycan mədəniyyət nümunələrini maraqla izləyir, şirniyat alırlar. Guşənin ziyarətçiləri Azərbaycan çayına qonaq edilirlər.

Assosiasiyanın rəhbəri Gültəkin Mustafayeva AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün “Azərbaycan Guşəsinə” böyük maraq var. Şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də qonaqlar Azərbaycan şirniyatına böyük maraq göstərirlər. Guşəni ziyarət edənlərə milli mədəniyyətimiz barədə ətraflı məlumat verilir. Burada, eyni zamanda, gürcü, yunan, Latviya, Ukrayna və digər xalqların mədəniyyəti ilə tanış olmaq mümkündür”.

Qeyd edək ki, bayram günlərində müxtəlif əyləncəli və idman tədbirləri, konsertlər, musiqili şoular və teatr səhnəcikləri nümayiş etdiriləcək. Bu gün, eyni zamanda, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də “Tbilisoba” bayramı münasibətilə xüsusi guşə təqdim edib. Muzeyin yaxınlığında yaradılmış guşədə milli mədəniyyət nümunələri ilə yanaşı, Azərbaycan mətbəxinin təamları da sərgilənib.

Bu gün ənənəvi olaraq Tbilisinin fəxri vətəndaşlarının təltifetmə mərasimi keçiriləcək.

Bayram tədbirlərinə sentabrın 21-də Tbilisinin Avropa meydanında təntənəli qala-konsertlə yekun vurulacaq.

Məlumat üçün xatırladaq ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə qeyd edilib. Gürcüstanda 1989-cu ildən 1994-cü ilə qədər mövcud ağır sosial-iqtisadi duruma görə bayramın keçirilməsi mümkün olmayıb.

“Tbilisoba” 2020-ci ildə koronavirus pandemiyası, 2021-ci ildə isə Batumidə 9 nəfərin ölümü ilə nəticələnmiş yaşayış binasının uçması səbəbindən ləğv edilmişdi.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
19
azertag.az

1Mənbələr