AZ

“Bu maddələr ya Konstitusiyadan çıxarılmalı, ya da… ” Elxan Şükürlü

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Daxili qanunvericilik yekun Sülh Müqaviləsinə uyğunlaşdırılmalıdır”

Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üçün yaxın aylarda referendumun keçirilməsini zəruri edən əsas səbəblərdən biri Ermənistanla yekun Sülh Sazişinin imzalanmasına hazırlıqdır.

Tribunainfo.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü “Facebook” səhifəsində yazıb. O, xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Sülh Sazişinin razılaşdırılmış mətni paraflanıb və sənəddə açıq şəkildə göstərilir ki, tərəflərdən heç biri daxili qanunvericiliyinin müddəalarına istinad etməklə bu Sazişi icra etməmək haqqına sahib olmayacaq.

“Deməli, hər iki ölkənin daxili qanunvericiliyi indidən yekun Sülh Müqaviləsinə uyğunlaşdırılmalıdır”, – ekspert əlavə edib.

E. Şükürlü xatırladıb ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi Azərbaycanın əsas tələblərindən biridir və Paşinyan hökuməti də artıq bu istiqamətdə hazırlıq aparır: “Eyni zamanda, qüvvədə olan Azərbaycan Konstitusiyasında da müəyyən maddələr var ki, Ermənistanla yekun Sülh Sazişinin imzalanması prosesində ortaya çıxacaq problemlərin həllində hökumətimizin fəaliyyətini məhdudlaşdırır, çevik qərarların qəbuluna mane olur”.

Politoloqun sözlərinə görə, söhbət ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası zamanı, xüsusən də anklavlarla bağlı məsələlərin həllində ortaya çıxacaq hüquqi maneələrdən gedir: “Məlum olduğu kimi, hazırda Ermənistan ərazisində Azərbaycanın 4 (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı), Azərbaycanın ərazisində isə Ermənistanın 1 (Başkənd) anklavı var. Anklavlarla bağlı məsələnin necə həll ediləcəyi barədə arxa planda danışıqlar aparılsa da, detalları hələlik ictimaiyyətə açıqlanmayıb. Paraflanmış Saziş mətnindən belə görünür ki, ilkin olaraq SSRİ dövründəki sərhədlər əsas götürülməklə delimitasiya və demarkasiya prosesi aparılacaq. Reallıqda isə anklavlara əhalinin qayıdışı və onların təhlükəsizliyinin təmin edilməsi hər iki tərəf üçün ciddi problemlər yaradacaq, sülhdə maraqlı olmayan üçüncü qüvvələr isə bundan istifadə etməyə çalışacaqlar.

Deməli, anklavlar məsələsi gec-tez “ərazi mübadiləsi” variantını hər iki ölkənin siyasi gündəliyinə gətirəcək. Lakin qüvvədə olan Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II hissəsi və 11-ci maddəsinin III hissəsi Azərbaycan hakimiyyətinə “ərazi mübadiləsi”ni – yəni sərhədlərin dəyişdirilməsini qadağan edir. Bu məsələ yalnız referendum vasitəsilə həll oluna bilər! Buna görə də Ermənistanla yekun Sülh Müqaviləsinin imzalanması üçün həmin maddələr ya Konstitusiyadan çıxarılmalı, ya da onlara dəyişiklik edilməlidir.

Xatırladaq ki, hazırda Ermənistan ərazisində yerləşən 4 anklavın (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı) ümumi sahəsi 59,9 kv.km, Azərbaycan ərazisindəki Ermənistan anklavı Başkəndin sahəsi isə 40 kv.km-dir. Problem ondadır ki, anklavlar sovet dövründə olduğu kimi geri qaytarılacağı təqdirdə, bir tərəfdən ora əhalinin köçürülməsi və gediş-gəliş uzun illər çətinlik yaradacaq, digər tərəfdən isə Ermənistanın Gürcüstan və İrana gedən magistral yolları Azərbaycanın, Azərbaycanın Gədəbəy rayonunun bir neçə kəndinə gedən yol isə Ermənistanın nəzarətinə düşəcək”.

E. Şükürlü sonda vurğulayıb ki, Azərbaycan və Ermənistan rəhbərləri Vaşinqtonda imzaladıqları sənədlərlə bəyan ediblər: tərəflər arasında münaqişəyə yol aça biləcək “köhnə dəftərləri” birdəfəlik qapatmaq və gələcəyə hər hansı problem saxlamamaq niyyətindədirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
3
tribunainfo.az

10Mənbələr