AZ

Yəhudilər necə dahi olurlar?..  

Təhsilimizlə bağlı bir-iki qeydim var: necə deyər, söz də məqamına, vədəsinə çəkər, axı bütün hallarda yeni ali təhsil ili başlayıb, baxmayaraq ki, o, nə yenicə tələbə olmuş gənclərin çoxuna, nə də onların valideynlərinə yalnız sevinc gətirmir, həm də həyəcan dolu anlar da yaşadır ki, görən, ildən-ilə artan təhsil haqqını necə ödəyim, haradan ucuz mənzil tapım? Özü də bu cür qayğılar ildən - ilə nisbətən də olsa, azalmaq əvəzinə, əksinə artmaqda davam edir.       

Bəri başdan deyim ki, onuncu sinifdə respublika riyaziyyat olimpiadasında üçüncü dərəcəli diplom alsam da, Moskva Universitetini və Bakıda aspiranturanı bitirsəm də, bir il-il yarım Bakıda bir rus məktəbində fizikadan dərs desəm də, hətta bir ara ali məktəblərin birinin rus bölməsində çalışsam da, kimsə narahat olmasın, təhsil eksperti - filan adlandırmaq fikrində deyiləm özümü.

Onu da əlavə edim ki, təhsilin sosiologiyası ilə bağlı da hansısa araşdırma aparmamışam, sorğu keçirməmişəm. Amma hamımız ən azı  valideyn kimi nə vaxtsa təhsillə bağlı oluruq: əvvəlcə uşaqlarımızı, sonra da qismət olsa, nəvələrimizi oxuduruq.

Üstəlik, məni əsasən bir məsələ maraqlandırır: görən, repetitorların xidmətindən istifadə etmədən ali məktəbə qəbul olan gənclərimiz varmı?

Bilirsiniz, bəlkə də mənə rast gəlmir, bəlkə də səhv edir, yanılıram, amma demək olar ki, belələrinə təsadüf etmirəm. Bir daha deyirəm: məsələ ilə bağlı ciddi araşdırma aparmamışam, sadəcə, tanış-bilişdən fürsət düşəndə soruşmuşam. Hətta imkansızları deyir ki, ordan-burdan, borc-xərc tapıb uşağı repetitor yanına göndəribdir.

Repetitor məsələsi bugünün, dünənin söhbəti deyil, sovetin də vaxtında olub. Ondan da əvvəl, rus çarlarının dövründə də belə bir sistem mövcud olubdur. Hətta o vaxtlar tələbələr evlərdə dərs deyər, uşaqları gimnaziyalara hazırlayardı. Çox yazıçıların memuarlarında, o cümlədən qraf Lev Tolstoyun məşhur avtobioqrafik trilogiyasında da bu haqda var.

Sovetin dövründə nəinki repetitor, hətta xüsusi məşqçi-müəllimlər (bizim dildə desək: əjdaha müəllimlər!) olurdu. Sonuncular şagirdləri fənn olimpiadalarına, əsasən də beynəlxalq olimpiadalara hazırlayırdılar.

Heç sahədə kapitalist dünyasından geri qalmaq istəməyən SSRİ beynəlxalq fənn olimpiadalarına az qala, ciddi idman yarışı kimi baxırdı: olimpiadalarda iştirak üçün seçilən şagirdlərlə xüsusi müəllim-məşqçilər məşğul olurdu.

Yeri gəlmiş, bir detal. Sovetin 70 illik hakimiyyəti vaxtında bircə nəfər belə olsun (səhv etmirəmsə!) azərbaycanlı gənc beynəlxalq olimpiadaya gedib çıxa bilməmişdi.

Hamımız bu prosesi o vaxtın məşhur “Kvant” jurnalı vasitəsilə izləyirdik: səhv etmirəmsə, bircə dəfə bir özbək gənc fizika üzrə beynəlxalq olimpiadanın qalibi ola bilmişdi. Amma müstəqillik əldə olunandan sonra bizim neçə-nəçə gəncimiz beynəlxalq olimpiadaların qalibi oldu səhv etmirəmsə! Odur, tələsik deməyin ki, guya yaxşı nələr vardısa, hamısı Sovetin vaxtında qaldı...

Olimpiadalarla bağlı kiçik bir qeyd etmək istəyirəm. Tələbəlik vaxtı bizimlə eyni fakültədə və kursda fizika üzrə beynəlxalq olimpiadanın qalibi də təhsil alırdı. Heç nəylə seçilmirdi!

Amma digər kurs yoldaşımız da vardı, heç bir olimpiadaının-filanın qalibi olmamışdı, di gəl, artıq dördüncü kursda məqalələri dünyanın ən nüfuzlu fizika jurnallarında çıxırdı. Özü də nəzəri fizikanın ən çətin sahəsilə - supersimmetriya və superqravitasiya problemlərilə bağlı...   

O vaxt nəinki olimpiadaların, hətta “Kvant” jurnalının qaliblərini gördüm ki, birinci kursu başa vurmadılar, universitetdən xaric olundular.

Bunları niyə deyirəm? Olimpiada-filan çox yaxşı şeydir, hətta gözəldir, bu da bir növ sınaqdır, amma əsas meyar deyil, burada çox ciddi nəticə əldə edə bilməyəndə qəti ruhdan düşməyin, çünki akademik elm, ali təhsil tamam başqa şeydir. Orta məktəbdəkindən fərqli yanaşma, hətta göstəricilər tələb edir: elm vunderkindləri yox, daha çox zəhmətkeşləri və inadkarları sevir. Tələbəlik vaxtı bizim elmi rəhbərimiz deyirdi ki, hər gün azı üç-dörd saat işləmək lazımdır. Yeri gəlmiş, yəhudi idi o və bunu yalnız ona görə deyirəm ki, çox adamlar elə bilir ki, yəhudilər tək “Allah vergisi”nin sayəsində istedadlı və hətta dahi olurlar, yox, onların necə işləməsinin özüm şahidi olmuşam...

Sırf repetitorlara gəldikdəsə, məhdud çərçivədə olsa da (çalışmaq lazımdır imkan daxilində az olsun) onlar gələcəkdə də olacaq, ən azı ona görə ki, şagirdlərin hamısının qavrama qabiliyyəti eyni deyil, ən əsası da heç də bütün şagirdlər müstəqil şəkildə ali məktəbə qəbul imtahanalarına hazırlaşa, biliklərini sistemləşdirə və ümumiləşdirə bilmirlər.

Amma sovetin vaxtında müstəqil şəkildə ali məktəbə hazırlaşanlar nə qədər desən vardı, hətta çoxluq təşkil edirdi! İndi isə belələri ya tamam yoxdur, ya da çox azdır və bu səbəbdən də bizə rast gəlmirlər.

Bəziləri buna da tamam normal hadisə kimi yanaşır. Amma sual olunur: bəs onda məktəblər niyə lazımdır, əzizlərim? Onlar şagirdlərə hətta ali məktəbə qəbul olmaq üçün zəruri bilikləri verə bilmirsə, uşaqların böyük əksəriyyəti repetitor yanına qaçırsa, onda məktəblər nəyə lazımdır, orada çalışan müəllimlər niyə maaş almalıdırlar?

Bir daha ərz edirəm ki, məsələ ilə bağlı ciddi araşdırma aparmamışam, bəlkə də yanılıram, amma hansı valideyndən soruşurşan, hamısı deyir ki,  uşaq repetitorla hazırlaşıbdır.

Müstəqilliyin ilk illərində müəllimlərin, məktəblərin həqiqətən böyük problemləri vardı, müəllimlər demək olar, qəpik-quruş alırdılar və kimsə  onları təhsilin səviyyəsinin aşağı olmasına görə qınaya bilmirdi.

İndi, çox şükür olsun, vəziyyət xeyli dəyşib. Maaşlar da nisbətən artıb, məktəblər də yenidən qurulubdur, üstəlik, müəllimlərin işə qəbul praktikası da tamam yenilənib; işə imtahanla qəbul olunurlar.

Demirik ki, maaş superdir, yox, bunu da iddia etmirik, hətta tamam normal da deyil hələ, amma babatdır: məgər digər intellektual peşə sahibləri, məsələn, alimlərin hamısı müəllimlərdən daha çox maaş alır? Ona görə təəccüb qalırsan: bunlar məktəblərin, təhsilin səviyyəsində niyə əksini tapmır?

Məktəblərin çoxu sanki təhsil haqda arayış verən idarəyə çevrilib. Paralel təhsil şəbəkəsi-“kölgə məktəbləri” yaranıbdır. Adamın yadına lap “kölgə iqtisadiyyatı” ifadəsi düşür.

Müstəqillik illərində təhsil sahəsində ən böyük islahat test üsulunun tətbiqi oldu: təhsildə korrupsiyanın beli sındı bununla. Amma təhsilimiz istədiyimiz səviyyəyə çatmadı. Görünür, daha nəsə də etmək lazımdır...

Seçilən
10
musavat.com

1Mənbələr