Bakı, 20 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasında (BMA) Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Kamera konserti keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə təşkil olunub.
Xalq artisti, Akademiyanın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Yeganə Axundova musiqiçilərin yaradıcılıq fəaliyyəti barədə məlumat verib.
Tanınmış musiqiçilər Elvin Hoca Qəniyev (violin) və Cem Esen (piano, Türkiyə) peşəkar ifaları ilə tamaşaçılara unudulmaz musiqi gecəsi yaşadıblar.
Konsertdə Cezar Franckın “Violin və piano üçün Sonata a-moll”, Qara Qarayevin “Violin və piano üçün Sonata d-moll”, Cem Esenin “Violin üçün Sonata, op.24” və Franz Waxmanın “Karmen fantaziya” əsərləri səsləndirilib.
Musiqisevərlərin ruhunu oxşayan konsert gecəsi hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.