Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiyada miqrantların yalnız növbəli əsasda işləməsini nəzərdə tutan yeni qanun payız sessiyasında qəbul ediləcək.
“AzPolitika” xəbər verir ki, bu barədə Dövlət Dumasında “Ədalətli Rusiya – Ədalət Uğrunda” partiyasının sədri Sergey Mironov məlumat verib.
Mironov sentyabrın 18-də Vladimir Putinlə Dövlət Duması fraksiya rəhbərlərinin görüşündə iştirak edib. Görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda patent sistemi ləğv olunacaq və onun əvəzində “növbəli iş” sistemi tətbiq ediləcək.
Prezident Putin də sözügedən görüşdə patent sisteminin ləğvini mümkün hesab etdiyini deyib. Bu açıqlama qanun layihəsinin qəbuluna faktiki olaraq “yaşıl işıq” kimi qiymətləndirilir.
Mövzuya münasibət bildirən iqtisadi inkişaf naziri Maksim Reşetnikov da vurğulayıb ki, Rusiyada xarici işçi qüvvəsinin cəlbi mexanizmi ciddi şəkildə tənzimlənməlidir. Onun sözlərinə görə, yeni model “gəldi – işlədi – getdi” prinsipi üzərində qurulacaq. Bu isə o deməkdir ki, miqrantlara ailələrini Rusiyaya gətirmək, burada təhsil almaq və uzunmüddətli məskunlaşmaq imkanı verilməyəcək.
“İnsanlar başqa ölkələrdən gəlirlər, pul qazanırlar və gedirlər. Bizə burada obyektiv olaraq ailələr lazım deyil, öz vətəndaşımız olmayan şəxsləri oxutmağa borclu deyilik”, – nazir əlavə edib.
Xatırladaq ki, Rusiyada miqrantlar üçün patent sistemi 2010-cu ildən tətbiq olunurdu. Patent miqrantlara müəyyən məbləğ ödəməklə regionlarda sərbəst yaşamaq, işləmək və müxtəlif şirkətlərdə iş axtarmaq imkanı verirdi. Yeni qərar bu mexanizmin ləğvini nəzərdə tutur ki, bu da miqrantların ölkədə iş tapmasını xeyli çətinləşdirə bilər. Ekspertlər bunun kütləvi deportasiyalarla nəticələnəcəyi barədə xəbərdarlıq edirlər.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.