BAKI, 20 sentyabr. TELEQRAF
Qazaxıstanla Ermənistan arasında ticarət dövriyyəsi təqribən 36 milyon dollardir, cari ilin yanvar-iyul aylarında isə bu, 28,7 milyon dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, dünən Qazaxıstan baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib.
Videokonfrans formatında tərəflər ticarət-iqtisadi tərəfdaşlığın inkişafı, sərmayə qoyuluşu sahəsində qarşılıqlı fəaliyyət, nəqliyyat, rabitə, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq da daxil olmaqla geniş spektrli məsələləri müzakirə ediblər.
“Ermənistan Qazaxıstanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır. İki ölkə arasında güclü siyasi dialoq qurulub, humanitar əlaqələr sürətlə inkişaf edir. Rəhbərliyin dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş siyasəti ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olmasını təmin edir”, - məlumatda bildirilib.
Nəqliyyat sektorunda əməkdaşlığa xüsusi diqqət yetirilib. Ermənistan aviaşirkətlərinə mövcud “açıq səma” rejimi çərçivəsində 5-ci “hava azadlığı” səviyyəsindən istifadə hüququ ilə Qazaxıstana birbaşa uçuşlar təklif edilib. Qazaxıstan tərəfi İrəvanda hava limanı rüsumlarının aşağı salınmasında maraqlı olduğunu qeyd edib.
İnvestisiya sahəsində Qazaxıstan Atırau və Manqistau vilayətlərində kənd təsərrüfatı məhsullarının emalı və daha sonra Ermənistana ixracı üzrə birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib. Əməkdaşlığın Yol Xəritəsinə daxil edilmiş zərgərlik sənayesinin inkişafı ilə bağlı erməni tərəfinin təşəbbüsü də dəstəklənib. Bundan başqa, taxıl tədarükü məsələsi də müzakirə olunub. Qazaxıstan artan həcm və coğrafiyanı nəzərə alaraq Ermənistana buğda tədarük etməyə hazır olduğunu təsdiqləyib.
Görüşün yekununda tərəflər iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının 11-ci iclasının Protokolunu imzalayıblar.
Qeyd edək ki, tərəflər bundan əvvəl Qazaxıstanla Ermənistan arasında viza rejiminin ləğv ediləcəyini də açıqlamışdılar.