AZ

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zəngilləşdirdi

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Müsahibədə iştirak edənlərdən biri də Əməkdar müəllim Yeganə Əfəndiyevadır.

Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülən müsahibimiz pedaqoji fəaliyyəti barədə məlumatla sözə başladı:

"1983-cü ildə orta təhsilimi fərqlənmə attestatı ilə başa vuraraq Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil oldum. 1987-ci ildə universiteti bitirdikdən sonra Ağsatafa şəhəri Asif Abdullayev adına 2 nömrəli orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başladım.

Artıq 38 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bu illər ərzində daim yeniliklərə açıq, məsuliyyətli bir müəllim kimi çalışmışam. Şagirdlərimin maraq və potensialını nəzərə alaraq, onlara uyğun təlim metodları seçmişəm. Biologiyanı sevdirmək üçün dərslərimi təcrübələrlə zənginləşdirmişəm: rayon xəstəxanalarında, laboratoriyalarda praktiki məşğələlər keçərək, heyvanlar aləmindən ibarət canlı güşə yaradaraq, bitkilər aləminin zəngin florasını bilogiya kabinetində şagirdlərimlə birgə yetişdirərək onlarda fənnə böyük maraq yaratmışam.

Rayon rəhbərliyi tərəfindən keçirilən "Yaşıl Dünya naminə" müsabiqədə məktəbimizin bologiya kabineti təşəkkürnamə ilə təltif olunub. Özümü sınamaq məqsədilə mütəmadi olaraq MİQ imtahanlarında iştirak edib yüksək bal toplamışam. Əmək fəaliyyətim dövründə müxtəlif müsabiqə və olimpiadalarda şagirdlərim uğurlar qazanıblar. Məktəb və rayon rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışam. Azərbaycan Qadınlarının VI Qurultayında iştirak etmişəm. Elm və təhsil naziri tərəfindən Fəxri fərmana, Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və 2019-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Bu mükafatlar mənim üçün böyük qürur mənbəyidir, həm də məsuliyyətimi artırır.

Bütün pedaqoji faəliyyətim boyunca Şəmkir rayonunda yerləşən Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi çalışmışam, hazırda da faəliyyət göstərməyə davam edirəm.

Proses çox rahat və şəffaf şəkildə baş tutdu. Müsahibə müddətində həm psixoloji, həm də peşə sualları verildi. Bundan başqa, dərslərin qruplarla necə təşkil ediləcəyi, əməkdaşlıq və refleksiya prosesləri barədə suallar ünvanladılar. Mən də geniş cavablandırdım.

Test mərhələsində 58, diaqnostik qiymətləndirmədə isə 55 bal toplamışam. Nəticənin uğurlu olacağına ümid edirəm. Mənim üçün əsas məqsəd bal toplamaqdan daha çox, öyrəndiklərimi tətbiq etmək və peşəkar fəaliyyətimi daha da zənginləşdirməkdir".

Seçilən
21
3
azedu.az

4Mənbələr