AZ

Paşinyan tələbləri bir-bir yerinə yetirir

Baş nazir Nikol Paşinyan Ermənistanın dövlət gerbindən Ağrı dağının təsvirinin çıxarılacağını ilk dəfə anons edib. 

O, Ermənistanın sərhəd-buraxılış məntəqələrində istifadə olunan möhürlərdən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bu barədə danışıb: 

“Biz ölkəyə giriş-çıxış zamanı sərhəd möhürlərindən Ağrı dağının təsvirinin götürülməsini Ermənistanın dövlətçiliyini, suverenliyini və təhlükəsizliyini gücləndirmək üçün edirik. Biz bunu Ermənistanı beynəlxalq məsuliyyətli tərəfdaşa çevirmək məqsədi ilə edirik”. 

 O əmin edib ki, Ermənistanla Türkiyə arasında aparılan danışıqlarda belə məsələlər müzakirə olunmayıb və ola da bilməz. Onun sözlərinə görə, möhürlə bağlı qərar bir neçə ay əvvəl, Türkiyənin Ermənistana münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisinin səfəri ilə bağlı heç bir razılıq əldə olunmadığı zaman verilib. Paşinyan əlavə edib ki, təhlükəsizlik strategiyası nöqteyi-nəzərindən legitimlik amili həlledicidir.

“Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış əraziləri və sərhədləri daxilində ərazi bütövlüyünü, suverenliyini və yurisdiksiyasını tanımalıyıq və tanıyırıq. Biz bunu ona görə edirik ki, dövlətimizin uzunömürlülüyünü təmin etmək istəyirik və bunun üçün dövlət üçün düzgün aerodinamika yaratmalıyıq. 

Biz Ermənistanın beynəlxalq məsuliyyətli tərəfdaş olmasını və beynəlxalq səviyyədə tanınmış normalara uyğun yaşamasını istəyirik. Ermənistan bu məntiqi və legitimlik strategiyasını rəhbər tutur”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması Ermənistanın dövlət gerbindən də Ağrı dağının təsvirinin götürüləcəyini deməyə əsas verir. Çox güman ki, bununla bağlı Ermənistanla Türkiyə arasında artıq razılaşma da əldə olunub. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün Ağrı dağına ərazi iddiasından imtina edilməsini əsas şərtlərdən biri kimi irəli sürür. 

Paşinyan isə Ermənistan ərazisində ən hündür yüksəkliyin Ağrı deyil, Alagöz (Araqats) dağı olduğunu bildirir. Lakin dövlət gerbinin dəyişdirlməsi üçün Ermənistan  konstitusiyasına dəyişiklik edilməlidir. Çünki konstitusiyanın 21.2-ci maddəsində qeyd edilir ki, gerbdə Ağrı dağı təsvir olunub. 

2026-cı ilin sonu-2027-ci ilin əvvəlində Ermənistanda gözlənilən referendumla yeni dövlət gerbi qəbul olunarsa, tarixdə ilk dəfə ermənilərin Ağrı dağına olan ərazi iddiasına rəsmən son qoyulacaq. İstər 1918-1920-ci illərdə tanınmamış Ararat Respublikasının, istər Ermənistan SSR-in, sonra isə müstəqil Ermənistanın gerblərində Ararat dağının təsviri əks olunub. Çox güman ki, yaxın perspektivdə Ermənistanın 1992-ci ilin aprel ayında qəbul olunmuş “Dövlət gerbi haqqında” Qanunu da dəyişdiriləcək. 

Lakin Ermənistanın yeni gerbindən yalnız Ağrı dağının deyil, digər təsvirlərin də çıxarılması ehtimalı var. Yəni bütövlükdə yeni dövlət rəmzlərinin hazırlanması barədə məlumatlar xeyli vaxtdır dolaşır. 

Xatırladaq ki, ötən il Ermənistan parlamentinin spikeri Alen Simonyan gerbdən şir və qartal təsvirlərinin çıxarılmasını təklif etmişdi. O, bu rəmzlərin Ermənistana və erməni xalqına heç bir aidiyyəti olmadığını bildirmişdi. Doğrudan da aparılan araşdırmalar göstərir ki, Ermənistanın dövlət gerbindəki şir təsviri İrəvan xanlığının bayrağından götürülüb və onun ermənilərlə hər hansı tarixi, siyasi əlaqəsi yoxdur.  

Paşinyan  Ermənistanın beynəlxalq səviyyədə tanınmış əraziləri və sərhədlərindən kənara olan iddialardan imtina etməyi təhlükəsizlik strategiyası baxımından vacib hesab edir. Bu zaman söhbət yalnız Ağrı dağından deyil, həm də Türkiyənin 6 şərq vilayətinə Ermənistanın ərazi iddiasından gedir. 

Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci bəndində həmin vilayətlər “Qərbi Ermənistan” adlandırılır. 1995-ci ildə Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilib. Bununla da Azərbaycana olduğu kimi, Türkiyəyə qarşı da ərazi iddiası Ermənistanın konstitusiyasına daxil edilib. 

Paşinyan isə Türkiyə ilə münasibətlərin normallaşması üçün bu dəyişiklik tələbini qəbul edib. Ağrı dağının təsvirinin dövlət gerbindən çıxarılması preambula hissəsinin də konstitusiyanın yeni mətnindən çıxarılacağına ümid yaradır. 

Seçilən
56
42
cebheinfo.az

10Mənbələr