AZ

Azərbaycanın böyük qələbəsi: Şanlı zəfərin ildönümü



Azərbaycanın Qarabağ iqtisadi rayonunda cəmi 23 saat 43 dəqiqə davam edən və şanlı Azərbaycan ordusunun qələbəsi ilə başa çatan lokal antiterror əməliyyatından iki il ötür. 2023-cü ilin sentyabr ayında Azərbaycan və Rusiya Federasiyası prezidentləri, eləcə də Ermənistan Baş naziri arasında imzalanmış Üçtərəfli bəyanatın 3 ildir yerinə yetirilməyən 4-cü bəndi ölkəmiz tərəfindən uğurla icra olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Bu misilsiz qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyi tam bərpa etmiş oldu. Bu böyük zəfər müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Beləki, Azərbaycan xalqı və dövləti var olduqca bu şanlı qələbə, bu unudulmaz tarix əbədi olaraq yaddaşlarda qalacaq, hər zaman qürurla qeyd olunacaq. Bu baxımdan xüsusilə vurğulamalıyıq ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” imzaladığı Sərəncamda edilən dəyişikliyə əsasən 20 sentyabr tarixinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməsi tarixi qələbə günlərinin əbədiləşdirilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

Xatırladaq ki, müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.
Bütün bu təxribatların fonunda lokal antiterror əməliyyatları nəticəsində seperatçıların təslim olması Azərbaycan dövlətinin növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində antiterror əməliyyatlarını keçirməklə bölgədə əmin-amanlığın bərqərar olmasını təmin etdi. Bu, beynəlxalq müstəvidə Azərbaycanın gücünün və qüdrətinin təzahürü olmaqla yanaşı, regionun Lider dövləti olduğunun sübutudur. Qeyd etməliyik ki, Azərbaycan 44 günlük Vətən müharibəsində yeni bir reallıq yaratmışdı. İşğal faktı ortadan qalxmış, Cənubi Qafqazda yeni reallıqlar yaranmışdı. İki il öncə Azərbaycan antiterror əməliyyatlarında qazandığı möhtəşəm uğurla tam fərqli bir reallıq yaratdı və bir daha göstərdi ki, Cənubi Qafqazda şərtləri diqtə edən tərəf Azərbaycandır və bundan sonra regionun inkişaf arientirlərini Azərbaycan müəyyən edəcək. Əlbəttə, regionda sülhün və sabitliyin tam təmin olunması üçün müəyyən vaxt lazımdır. Burada da Azərbaycanın qətiyyətli mövqeyi və milli maraqlara, eləcə də beynəlxalq əməkdaşlıq prinsipinə əsaslanan siyasəti önəmli rol oynayır.

Bir daha antiterror əməliyyatlarında şəhid olanlar başda olmaqla Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.



Seçilən
23
aia.az

1Mənbələr