AZ

Mahir Süleymanov “Konstitusiya və Suverenlik İli” tədbirində...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “H.B.Zərdabi pr.88a” (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Modern.az xəbər verir ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda baş tutuan tədbirdə YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Partiyanın üzvləri və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında yerləşən ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda Heydər Əliyev muzeyinə baxış keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor əvəzi Mübariz Quliyev bildirib ki, “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə imzalanmış bu müqavilə ölkəmizin iqtisadi müstəqilliyini təmin etdi. Azərbaycanın zəngin enerji resursları dünya bazarına çıxarılaraq ölkəmizi beynəlxalq əməkdaşlıq mərkəzinə çevirdi. Neftçilərin fədakar əməyinin nəticəsində Azərbaycan dünya enerji xəritəsinə daxil oldu. “Neftçilər günü” məhz bu əməyin rəmzi kimi tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycanı qlobal enerji layihələrinin liderinə çevirdi. Onun rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan və digər layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşa çevirdi. Müasir dövrdə Azərbaycan neft strategiyası yalnız hasilatla yox, həm də enerji diversifikasiyası və bərpa olunan mənbələrə keçidlə xarakterizə olunur. Bu, ölkəmizi sabahın çağırışlarına cavab verən güclü dövlət edir. Enerji diplomatiyası Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirir. Xalqımız hər il “Neftçilər günü”nü həm zəhmət adamlarının, həm də müdrik siyasətin təntənəsi kimi qeyd edir. “Əsrin müqaviləsi” və müasir neft strategiyası dövlətimizin uzunmüddətli inkişafının təminatıdır.

Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bəxtiyar Nəbiyev çıxışında 20 sentyabr 1994-cü il tarixinin əhəmiyyətini vurğulayaraq, Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanmasını ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Bu tarixi hadisənin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından məhz 1 il sonra baş verdiyinə diqqət yetirərək, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açıldığını vurğulayıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Bildirilib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfərin təməli məhz “Əsrin müqaviləsi” imzalandığı gün qoyulmuş və bu zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.

Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı qeyd edib ki, “Əsrin müqaviləsi” Azərbaycanın gələcəyinə işıq salan tarixi sənəddir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti ilə imzalanmış bu müqavilə ölkəmizin qlobal enerji sisteminə inteqrasiyasını təmin etdi. Azərbaycanın neftçiləri bu müqəddəs missiyanı fədakarlıqla həyata keçirdilər. Onların əməyinin nəticəsi kimi ölkəmiz iqtisadi sabitlik və inkişaf yoluna çıxdı. “Neftçilər günü” bu zəhmətin simvolu kimi hər il qeyd olunur. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin başladığı siyasi, iqtisadi xətti uğurla davam etdirərək yeni enerji strategiyası formalaşdırdı. Müasir dövrdə Azərbaycan neft strategiyası yalnız hasilata deyil, həm də qaz nəqliyyatına, enerji diversifikasiyasına və ekoloji dayanıqlığa əsaslanır. Bu strategiya ölkəmizi həm regionda, həm də qlobal miqyasda etibarlı tərəfdaşa çevirir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xalqımız neftçilərin zəhmətini və dövlətimizin uğurlarını qürurla qeyd edir. “Əsrin müqaviləsi” və müasir neft siyasəti Azərbaycanın yüksəliş dastanıdır.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğulayib ki, Azərbaycanın iqtisadi inkişafında neftçilərin zəhməti danılmazdır. Ulu öndər Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi” ölkəmizə böyük sərmayələr gətirərək iqtisadi dirçəlişin təməlini qoydu. Bu müqavilə Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında strateji mövqeyini təmin etdi. Neftçilərin fədakar əməyinə verilən ən yüksək qiymət “Neftçilər günü” oldu. Prezident İlham Əliyev enerji siyasətini müasir dövrün çağırışlarına uyğun inkişaf etdirdi. Onun rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdı. Azərbaycan bu gün Avropa bazarına etibarlı enerji təchizatçısı kimi çıxış edir. Müasir neft strategiyası isə yalnız ixrac yönümlü deyil, həm də ölkədaxili sosial-iqtisadi rifahı gücləndirməyə xidmət edir. Enerji gəlirləri infrastruktur, müdafiə və sosial sahələrin inkişafına yönəldilir. Bu, dövlətimizin dayanıqlı gələcəyinin təminatıdır. Neftçilərin zəhməti ilə dövlət rəhbərliyinin düzgün siyasəti birləşərək qüdrətli Azərbaycanı formalaşdırır. “Əsrin müqaviləsi” və müasir neft strategiyası milli iradənin təntənəsidir.

Qeyd edək ki, tədbirin sonunda fəxri fərmanlar təqdim edilib.

Seçilən
41
modern.az

1Mənbələr