AZ

Dövlət suverenliyi: Xalqımızın azadlıq və müstəqillik simvolu – Tənzilə Rüstəmxanlı yazır

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Tənzilə

Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir.

2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncamına əsasən 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. Otuz ildən çox davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq hüququ pozmuşdu.

Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi.

Bu mənada, Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan bir mübarizə idi. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi.

20 Sentyabr – Dövlət Suverenliyi Günü, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir istinad nöqtəsidir.

Bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Dövlətimizin başçısı tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il müstəqil Azərbaycan tarixinə regionda sülhün və əmin-amanlığın bərqərar olduğu il kimi yazıldı.

Cari il bütün dünya Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş layihəsinin paraflanması ilə bölgədə sabitliyin möhkəmlənməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması istiqamətində mühüm tarixi hadisəyə şahidlik etdi.

Beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından biri kimi Azərbaycanın təşəbbüsü ilə bölgəmizdə sülh və əmin-amanlıq bərqərar olur, yeni əməkdaşlıq imkanları yaranır. “Konstitusiya və Suverenlik İli”nin təməlində birmənalı olaraq güclü dövlətçilik prinsiplərimiz dayanır.

Seçilən
19
3
veteninfo.az

4Mənbələr