AZ

Qatilə çevrilən məktəblilər - uşaqlarımızı necə qoruyaq?

Psixoterapevt deyir ki, məktəblərdə cinayət faktorlarının olması qeyri-sağlam mühitin göstəricisidir

Xəbər verildiyi kimi, Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib. Rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Öldürülən 11-ci sinif şagirdi Kənan İmanzadə və onun qətlində şübhəli bilinən sinif yoldaşı Sadiq Əsgərov Cəlilabad rayonunun Güneyli kənd sakinləridir. Bildirilib ki, kəndlərində məktəb olmadığı üçün hər ikisi Xəlilabad kənd orta məktəbində təhsil alırmış. 

İlkin məlumata görə, hadisə söyüş üstündə baş verib. Şagirdlər arasında mübahisə yaranıb, lakin digər sinif yoldaşları davanın böyüməsinin qarşısını ala biliblər. Ertəsi gün isə evdən mətbəx bıçağı götürən S.Əsgərov birinci dərsdən sonra K.İmanzadəni başqa sinfə çağıraraq yenidən mübahisə edib. Daha sonra həmyaşıdının qarın boşluğu və döş qəfəsinə bıçaqla zərbə endirib. 

Şəmkir rayonunun Mahmudlu kəndində isə İ.Abdullayevin qətlində təqsirli bilinən sinif yoldaşı A.Abbasovun isə cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən ilin oktyabr ayında baş verib. İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A.Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb. A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Hər il göründüyü kimi, məktəblilər bir-birinin həyatına son qoyur. Valideyn min əziyyətlə övlad böyüdür, dərsə yola salır, amma sonra uşaqlar qatilə çevrilir, başqasının həyatını məhv edirlər. Təbii ki, bu hadisələrdə müxtəlif səbəblər, günahkar tərəflər tapmaq olar. Burada valideynin rolu və verdiyi tərbiyə də mühüm əhəmiyyət kəsb edir, məktəblərdə nəzarət də vacib elementdir. 

Bəs necə edək ki, bu cür faciələr baş verməsin? Burada əsas məsuliyyət hansı tərəfin üzərinə düşür ki, məktəbliləri belə hadisələrdən qoruya bilsinlər?

Rövşən

 Rövşən Nəcəfov

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Məktəb yalnız təhsil almaq üçün deyil, eyni zamanda tərbiyə almaq üçün də yerdir. Məktəb gələcək üçün şəxsiyyət yetişdirməlidir. Sağlam düşüncəli cəmiyyətin qurulmasında iştirakçıların sayını çoxaltmalıdır. Bu gün təəssüfləndirici haldır ki, məktəblərdə cinayət faktorlarının olması qeyri-sağlam mühitin göstəricisidir. Belə olan halda məktəblərdə şagirdlər arasında psixoloji və hüquqi maarifləndirmə fəaliyyətləri genişləndirilməlidir. Şəxsi fikrim odur ki, hüquq və psixologiya fənn olaraq məktəbdə tədris olunmalıdır. Ümumiyyətlə, məktəb psixoloqlarının fəaliyyəti genişləndirilməlidir. Onlara dərs saatı veilməlidir, psixoloji fəaliyyət göstərmələri üçün otaq verilməlidir. Fərdi və qrup şəklində psixoloji konsultasiyalar aparılmalıdır. Bunlar edilsə, biz məktəbdə sağlam düşüncə mühiti formalaşdıra bilərik. Rüblük və illik psixoloji diaqnostikası aparılmalıdır. Bu gün Azərbaycan məktəblərində belə bir təcrübə yoxdur. Valideynlərlə iş aparılmalıdır”. 

Klinik psixoloq qeyd edir ki, məktəblilərin psixoloji pasportları olmalıdır ki, həssas qrupunda olan uşaqlar nəzərə alınsın: “Həmin uşaqlar davamlı şəkildə konsultasiya almalıdırlar. Şagirdlərin ailələri ilə iş aparılmalıdır. Biz ancaq bu təşəbbüslərlə baş verəcək mənfi hadisələrin qarşısını ala bilərik. Günahkar hər kəsdir, istər valideynlər, istər cəmiyyət. Vətəndaş olan hər kəs məsuliyyətini bilməlidir. Problemləri ört-basdır etdikcə, uşaqların davranış pozuntularına göz yumduqca bu hallar davam edəcək. Ona görə uşaqlar da qanunun, dövlətin kimliyini bilməlidir”.   

Təhsil üzrə mütəxəssis Kamran Əsədovun da mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Son illərdə məktəblilər və yeniyetmələr arasında baş verən zorakılıq halları, hətta ölümcül hadisələr təhsilin yalnız akademik deyil, eyni zamanda sosial və psixoloji tərəfinin də gücləndirilməsinin vacibliyini göstərir. Təhlillər göstərir ki, bu hallar təsadüfi deyil, sistemli şəkildə yanaşılmalı olan cəmiyyət miqyaslı problemdir. Təkcə son iki dərs ilinin əvvəlində baş vermiş məktəbli cinayətləri göstərir ki, uşaqların sosial davranış mühitində ciddi risklər yaranıb. Ailə, məktəb və cəmiyyət bu riskləri vaxtında aşkar edib qarşısını almaqda çətinlik çəkir”.

Həddini

Kamran Əsədov

Ekspert Kamran Əsədovun fikrincə, bu məsələdə birinci növbədə valideynlərin rolu önəmlidir. Valideynlər uşaqların gündəlik həyatı, psixoloji vəziyyəti və sosial çevrəsi ilə maraqlanmalı, onları yalnız maddi deyil, mənəvi baxımdan da dəstəkləməlidirlər. Sosial şəbəkələrdə saatlarla vaxt keçirmək əvəzinə, övladları ilə ünsiyyət qurmaq, onları dinləmək vacibdir. Məktəblərin üzərinə düşən məsuliyyət də böyükdür. “Təhsil haqqında” qanuna əsasən, məktəblər təkcə bilik verməklə kifayətlənməməli, eyni zamanda şagirdlərin təhlükəsizliyini və tərbiyəsini də təmin etməlidir. Lakin ölkədə minlərlə məktəbdə psixoloq ya yoxdur, ya da olanlar çoxsaylı şagirdlə işləməyə məcbur qalır. Bu isə problemin vaxtında aşkar edilməsini çətinləşdirir. Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar - psixoloji xidmət ştatlarının artırılması, müəllimlər üçün təlimlər və davranış qaydalarının yenilənməsi - müsbət addım kimi qiymətləndirilə bilər. Bu yanaşma təhsildə yalnız akademik deyil, eyni zamanda sosial təhlükəsizlik məsələsinin də ön plana çəkildiyini göstərir. Beynəlxalq təcrübədə - məsələn, Finlandiya, Yaponiya və ABŞ-də - məktəblərdə zorakılığın qarşısını almaq üçün genişmiqyaslı proqramlar tətbiq olunur. Azərbaycanda isə bu sahədə hələ ciddi boşluqlar var, amma ilkin addımlar atılıb.

Ekspertə görə, yeniyetmələrdə zorakı davranışların artması cəmiyyətin ümumi psixoloji durumu, sosial ədalətsizlik hissi, mediada aqressiyanın yayılması və gələcəklə bağlı ümidsizliklə də əlaqəlidir. Əgər valideyn, məktəb və cəmiyyət öz funksiyalarını lazımi şəkildə yerinə yetirməsə, bu neqativ tendensiya daha da güclənə bilər. Problemin həlli üçün ailə, məktəb və media birlikdə hərəkət etməli, uşaqların mənəvi inkişafına daha çox diqqət yetirilməlidir. Əks halda, zorakılıq halları artmağa davam edəcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
24
musavat.com

1Mənbələr