AZ

Konstitusiyada dəyişiklik qaçılmaz olacaq - VAXT DA BƏLLİ

10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir

Referendumun keçirilməsi növbəti ilin ilk yarısında mümkün ola bilər

Dünən Milli Məclisdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilmiş Konfrans keçirilib. Konfransda parlament sədrinin müavini Ziyafət Əsgərov deyib ki, indiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Onun sözlərinə görə, bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi: "Yeni çağırışlar meydana çıxır, Konstitusiya səviyyəsində buna cavab verilməlidir". Ziyafət Əsgərov deyib ki, hər bir xalqın müstəqil suveren dövlət qurmaq arzusudur: 

“Dünyada 5000-dən çox xalq, etnik qrup yaşayır, Azərbaycana suveren dövləti olmaq nəsib olub. Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci ildə qəbul olundu. 1991-1993-cü illər ərzində Konstitusiyanı hazırlamaq mümkün olmadı. Mənim yaxşı yadımdadır, 1995-ci ildə qəbul edilən Konstitusiyanın hazırlanması üzrə İşçi Qrupunda biz də fəaliyyət göstərirdik. Konstitusiyanın əsas qayəsi hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının konstitusion səviyyədə təsbit olunması idi. İndiyə kimi Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir neçə referendum keçirilib. Bu əlavə və dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi məsələləri idi". Vitse-spiker əlavə edib ki, 2020-ci ildə biz Vətən müharibəsində qalib gəlsək də, bəzi ərazilər hələ də ermənilərin əlində idi: "Nəhayət, 2023-cü ilin sentyabrında Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və digər yerlərdə Azərbaycan bu məsələni həll etdi və Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi. Suverenlik hər bir dövlət üçün müqəddəs anlayışdır. Bu gün artıq Azərbaycan həm daxili, həm xarici siyasətində tam suveren dövlətdir".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə də Sherg.az-a bildirib ki, ölkəmizdə Konstitusiya dəyişikliyi qaçılmazdır. Ekspert vurğulayıb ki, 44 günlük savaşın nəticəsi olaraq erməni quldurlarının işğalına son qoyuldu:

"2023-cü ilin sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları ilə ərazilərimizdəki terrorçu-separatçı qruplaşmalar tamamilə zərərsizləşdirildi. Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımız dalğalanmaqla ərazi bütövlüyümüz və suverenliyimiz bərqərar olundu. Nəzərə alaq ki, 30 il ərzində işğal altında qalmış ərazilərimizdə dövlətimizin qanunları işləməyib. Ümumiyyətlə, separatçı rejim bu əraziləri öz nəzarəti altında saxlayaraq dövlətdən ayrı fəaliyyət göstərib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra tarixi və coğrafi şəraitin dəyişməsi ilə bağlı idarəçilikdə yeni formalar tətbiq olunmağa başlandı. Həmin ərazilər üzrə Prezidentin səlahiyyətli nümayəndələri institutu tətbiq edildi. Bir çox yeni idarəçilik modellərinin, regional idarələrin yaradılması, icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması istiqamətində işlər görüldü". 

Ç.Qənizadə diqqətə çatdırıb ki, hazırda ölkə əhalisinin sayı 10 milyondan artıqdır: 

"Konstitusiyamız qəbul edilərkən əhalinin sayı 7 milyon idi. Konstitusiyanın 82-ci maddəsində qeyd olunurdu ki, Azərbaycan Milli Məclisinin üzvlərinin sayı 125 nəfərdən ibarətdir. Amma 10 milyonu keçmiş əhali üçün Konstitusiyanın bu bəndlərində dəyişiklik labüddür. Hesab edirəm ki, yeni idarəçilik modellərinin tətbiqi, yeni iqtisadi zonaların yaradılması, əhalinin sayının artması ilə əlaqədar olaraq deputatların sayının artırılması yönündə qanunvericilikdə dəyişiklik olmalıdır. Ümumiyyətlə, yeni dövrün tələblərini nəzərə almaqla müasir Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilmiş qanunvericilik aktından fərqlənməlidir. Düzdür, bir neçə dəfə əlavə, dəyişiklik və düzəlişlər olub. Lakin yeni dəyişikliklərə ehtiyac var ki, bu da ancaq referendumun keçirilməsini zəruri edir. Konkret deyə bilmərəm ki, "Konstitusiya və Dövlət Suverenliyi İli" çərçivəsində ilin sonuna qədər buna gedəcəyik, yoxsa yox, ancaq düşünürəm ki, yaxın vaxtlarda, ən geci növbəti ilin ilk yarısında Konstitusiyada dəyişikliklə bağlı referendumun keçirilməsi qaçılmaz olacaq".
Seçilən
2
sherg.az

1Mənbələr