AZ

Şahramanyan Bakıya qarşı həddi aşdı – cəza tələbi

Deputat: “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb”

Keçmiş qondarma “DQR”in “prezidenti” Samvel Şahramanyan 2023-cü il sentyabrın 28-də 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumlarının ləğvi haqqında verdiyi fərman”dan imtina edir. Əslində, bu “fərman”ın Azərbaycan üçun heç bir əhəmiyyəti yoxdur, çünki nə belə bir qurum, nə də onun “prezident”i hüquqi baxımdan legitimdir. Amma maraqlıdır, legitimliyi tanınmayan “prezident”in verdiyi qərardan imtina etməsinin məqsədi nədir?

Baki-xeber.com nəşrinə görə, bu, simvolik və təbliğat xarakteri daşıyır. Şahramanyanın 2023-cü ilin sentyabrında imzaladığı “fərman” (guya “DQR” strukturlarının ləğvi) həmin vaxt Ermənistan və Qarabağ ermənilərinin ağır məğlubiyyətini rəsmiləşdirirdi. İndi isə ondan imtina etməsi faktiki olaraq simvolik addımdır – bu, erməni ictimaiyyətində “hələ də mövcudluq var” görüntüsü yaratmağa yönəlib. Başqa sözlə, psixoloji və təbliğat xarakterli bir addımdır, heç bir siyasi əhəmiyyətə malik deyil.

Bunu həm də uğursuz daxili siyasi gediş kimi qiymətləndirmək mümkundür. Hələ də Ermənistanda və diasporada “artsax ideyasını” diriltmək istəyən dairələr var. Şahramanyanın bu bəyanatı həmin dairələrə mesajdır: “biz imtina etmədik, sadəcə müvəqqəti dayandıq”. Beləliklə, o özünü hələ də “simvolik lider” kimi təqdim etmək istəyir.

Eyni zamanda, bu, xaricdəki erməni lobbilərinə bir işarədir. Qərb və Rusiya daxilində müxtəlif erməni təşkilatları Qarabağ mövzusunu tam itirmək istəmir. Şahramanyan “fərman”dan imtina etməklə, guya “qanuni varislik” xəttini davam etdirdiyini göstərir ki, bu da beynəlxalq arenada “erməni məsələsini gündəmdə saxlamaq” üçün istifadə edilə bilər.

Lakin bu addımın praktiki nəticəsi yoxdur, ola da bilməz. Azərbaycan üçün hüquqi və siyasi baxımdan bu addımın əhəmiyyəti sıfıra bərabərdir. Çünki nə “DQR”, nə də onun “prezidenti” mövcuddur. De-fakto mövcud olduğu dövrdə Ermənistan belə bu separatçı strukturu (“DQR”) dövlət subyekti kimi tanımayıb. Bu bəyanat sadəcə informasiya müharibəsinin bir hissəsi kimi təqdim olunur. Yəni Şahramanyanın “fərman”dan imtina etməsi real siyasət deyil, daha çox erməni ictimaiyyətinə və diasporasına yönəlmiş simvolik gediş və “məğlubiyyətlə barışmadıq” görüntüsü yaratmaqdır.

“2023-cü ildə Yevlaxda heç bir sənəd imzalanmayıb”. Bunu ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan İrəvanda jurnalistlərə deyib.

“Yevlaxda iştirak edən insanlar heç bir sənəd imzalamayıblar, o görüş humanitar xarakter daşıyırdı”, – separatçı bildirib.

Şahramanyan onu da vurğulayıb ki, o, nəinki həmin görüşdə iştirak etməyib, hətta heç vaxt Yevlaxda olmayıb.

Bəs onda Ermənistan hakimiyyəti niyə Şahramanyanın “qulağını burmur”? Axı sülh mətni paraflanıb və Ermənistan ərazi bütövlüyümüzü tanıyır, onda kukla “rəhbərin” bu imtinası Azərbaycana qarşı ərazi iddialarını qüvvədə saxlamaq deyilmi? Bakı İrəvandan Şahramanyana təzyiq göstərməyi tələb etməli deyilmi?

Aydın

Aydın Hüseynov 

Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Qarabağ məsələsini həll edib və Ermənistana separatçı tör-töküntülərinə qarşı tədbirlər görmək üçün tələblər irəli sürüb: “Azərbaycan bu yaxınlarda da bəyan edib ki, İrəvanda keçmiş qondarma rejimin ”nümayəndəliyi”nin olmasına şərait yaradılması sülh müqaviləsinin imzalanmasına maneələrdəndir. Nikol Paşinyan və onun hökuməti sülh müqaviləsinin imzalanmasında həqiqətən maraqlıdırsa, regionda sülh istəyirsə, Azərbaycanla münasibətlər qurmaq istəyirsə o zaman Ermənistan daxilində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, təxribatçılıqla məşğul olan ünsürlərlə bağlı tədbir görməlidir. Samvel Şahramanyan Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı. Bu üzdəniraq erməni quldur Ermənistana gedən kimi “əjdahaya döndü”. Şahramanyan Ermənistanda özünü cəzasız hiss etdiyi üçün belə etdi və bu gün də eyni yaramaz davranışlarını davam etdirir. Onun tayları hazırda Bakıda istintaq təcridxanasındadır və Azərbaycana qarşı etdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verirlər. Gün gələcək Samvel Şahramanyan və onun kimi digərləri də Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Şahramanyan qondarma “DQR”in gorbagor olduğunu guya qəbul etmədiyini ona görə tez-tez göstərməyə çalışır ki, erməni diasporundan, Rusiyadakı dairələrdən və Azərbaycana qarşı olan digər ölkələrdən, beynəlxalq təşkilatlardan humanitar yardım adı altında maliyyə ala bilsin. “DQR” söhbətinin birdəfəlik bağlandığını əslində onun özü də dəqiq bilir. Sadəcə gah özünün məlum “fərmanını” “ləğv” edir, gah “mühacir hökumət” elan edir ki, vəsait əldə eləsin və ətrafına insanları cəlb etsin. İrəvanda bu ayın əvvəlində daşnakların və Qarabağdan köçmüş bir dəstə separatçı tör-töküntüsünün keçirdiyi mitinqə cəmi bir neçə yüz adamın qatılması isə sübut etdi ki, Şahramanyan kimilərinin düşündüyü “qatar” çoxdan gedib”.

Deputat Paşinyanın sözü ilə əməlinin uyğun gəlmədiyini vurğuladı: “2024-cü ilin martında Paşinyan hökumətin iclasında bəyan etmişdi ki, Ermənistan mühacirətdə olan hər hansı ”Dağlıq Qarabağ hökuməti”ni tanımır. O həmçinin demişdi ki, Azərbaycanın Qarabağ bölgəsini tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar, xarici qüvvələrin müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmamaları üçün uyğun tədbirlər görülməlidir. Bu ilin avqustnda isə Paşinyan bəyan etdi ki, Qarabağdan köçmüş ermənilər Azərbaycana qayıtmayacaq, onların yeri Ermənistandır. Paşinyan qeyd etmişdi ki, bu insanlar beynəlxalq ictimaiyyətin və Ermənistan dövlətinin dəstəyi ilə ölkədə tam hüquqlu vətəndaş kimi yaşamalı, işləməli və birdəfəlik məskunlaşmalıdırlar. Baş nazir Qarabağ ermənilərinin Azərbaycana qaytarılması ilə bağlı səslənən fikirləri “reallıqdan uzaq və Ermənistanın dövlətçiliyi üçün təhlükəli” adlandırıb. Eyni zamanda, Paşinyan Şahramanyanın da bəyanatlarının Ermənistanın milli təhlükəsizliyinə təhdid olduğunu dəfələrlə bildirib. Paşinyan müxalifəti də ittiham edərək bildirib ki, siyasi qüvvələr Qarabağ ermənilərindən öz maraqları üçün alət kimi istifadə edirlər. Bəs, onda sual olunur, nə üçün Şahramanyan kimiləri barədə tədbir görmürsən?”

Onun fikrincə, Paşinyan bəyanatlardan əmələ keçməlidir: “Yəni İrəvandakı Qarabağdan getmiş tör-tökünütlərin “nümayəndəlik” adlandırdıqları quldur yuvasını bağlamalıdır. Şahramanyan məhz o yuvada oturub özünü “prezident” zənn edir və sülh müqaviləsinin imzalanmasına mane sayılacaq fikirlər ifraz edir. Odur ki, Şahramanyanın səsini kəsməlidir və sülh müqaviləsi layihəsinin maddələrinə zidd fikir dilinə gətirən istənilən şəxsə qarşı qanuni cəza tədbiri görməlidir”.

Musavat.com

Seçilən
24
1
editor.az

2Mənbələr