AZ

Bütöv Azərbaycan sərhədlərlə ölçülmür

Beynəlxalq hüquq Azərbaycanın indiki sərhədlərini tanıyır

Milli Məclisdə deputat Fazil Mustafa ilə vitse-spiker Ziyafət Əsgərov arasında mübahisə yaşanıb. Buna səbəb deputat Fazil Mustafanın fikirləri olub. F.Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “bütöv Azərbaycan” termininin canlanacağı gün olacaq: “Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, onda ayrılmaz hissə kimi qalırdı. Lakin dövlət suverenliyini bərpa etsək də, quru əlaqənin olmaması səbəbindən Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq. Bu baxımdan çalışmalıyıq ki, bundan sonrakı dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır. Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslarının saxlanılması ilə bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”. 

Vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın fikri ilə razılaşmayıb. O bildirib ki, dövlət başqa anlayışdır, xalq isə başqa anlayışdır: 

"Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən söhbət gedir. Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Ora quru yolu var və ya yoxdur, bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil. Bu sözləri deyəndə ehtiyatlı olun xahiş edirəm! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir! Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub. Naxçıvana quru yol da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır”.

Siyasi şərhçi Əli Oruclu "Sherg.az"a deyib ki, millət vəkili Fazil Mustafa ola bilsin, həmin fikirləri səsləndirməklə ideoloji və tarixi nöqteyi-nəzərdən çıxış edib. Lakin ekspert hesab edir ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində parlaq qələbədən və 2023-cü il 19-20 sentyabrda həyata keçirdiyi uğurlu antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib: 

"Azərbaycanın Naxçıvanla quru sərhədlərinin açılması ilə bağlı da ciddi işlər gedir. Zəngəzur dəhlizinin istifadəsi ilə bağlı məsələlər 8 avqustda Ağ Evdə keçirilən sammitdən sonra aktiv fazadadır. Ola bilsin, nə vaxtsa biz tarixən Azərbaycana məxsus olan və keçmiş SSRİ imperiyası tərəfindən ermənilərə bəxşiş verilən digər torpaqlarımızı da geri qaytara biləcəyik. Faktiki olaraq dünya birliyi və beynəlxalq hüquq Azərbaycanın indiki sərhədlərin tanıyıb və qəbul edib. Dünya praktikasında ərazisi əsas hissəsindən ayrı və həmin hissəyə birbaşa quru əlaqələri olmayan dövlətlər mövcuddur. Misal üçün, Amerika Birləşmiş Ştatlarının Alyaska ştatı ilə quru sərhədlə əlaqələri yoxdur. Yaxud Rusiyanın Kalininqrad vilayəti ilə də quru əlaqələri mövcud deyil. Lakin bu, o anlamı vermir ki, həmin dövlətlər bütöv deyil. İdeoloji və tarixi baxımdan Bütöv Azərbaycanın sərhədləri Naxçıvanla əlaqələrlə, yaxud sərhədlərin açılması ilə ölçülmür, bu, Cənubi və Qərbi Azərbaycanı, Borçalını və Dərbəndi özündə ehtiva edir".
Seçilən
17
sherg.az

1Mənbələr