AZ

Qərbi Azərbaycan Xronikası: "Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Dünyada Qərbi azərbaycanlıların taleyi qədər ağrılı tale yoxdur" adlı veriliş Dərələyəz mahalının Paşalı rayonunun Məmərza kənd sakini İsmayıl Ağayevin həyat hekayəsinə həsr olunub.
İ.Ağayev 1966-cı ildə anadan olduğunu, uşaqlıq və gənclik illərini, kənd həyatını xatırlayıb:
"Kəndimizin gözəl təbiəti, məhsullu bağ-bağçaları olub. Məmərza bağları Dərələyəzdə çox məşhur idi. Arpa çayında qızıl balıq tutmuşuq. İnsanların dolanışıqları ancaq balıq tutmaq, meyvə yığmaq və kənd təsərrüfatı ilə bağlı olub".
O, insanların min illərlə bu ərazilərdə yaşadıqlarını da vurğulayıb:
"Kəndimiz azərbaycanlılardan ibarət olub. Ermənilər qoçaq adamlarımızı müxtəlif formalarda kənddən uzaqlaşdırıblar. Nənəm həmişə deyərdi ki, bu gavurlar, yəni ermənilər bizi yerimizdən sürgün ediblər. Nənəmgil Şuşaya gedib, orada vəziyyət qarışandan sonra Ərdəbilə qaçıblar və orada 20 il yaşayıblar. Sovet hakimiyyəti qurulandan sonra yenidən Şuşaya, oradan da Dərələyəzə qayıdıblar. Məmərza kəndini ermənilər tamamilə viran qoyduğuna görə adamlar Terp kəndinə yığılıblar. 1948-1953-cü illərdə növbəti deportasiyada 2-ci dəfə Bərdənin Qaradəmirçi kəndinə deportasiya edilib və 1955-1960-cı illər arasında yenidən kəndə qayıdıblar. 1988-ci ildə biz sonuncu dəfə qovulduq. Biz üç dəfə - 1905-1920, 1948-1953 və 1988-ci illərdə deportasiyaya məruz qalmışıq. Rayonlararası olimpiadalara, futbol yarışlarına gedəndə həmişə erməni müəllimlərin və polisin basqılarını görmüşük".
Məmərza kənd sakini əlavə edib ki, kənddə erməni yox idi, amma sovxoz direktoru erməni təyin edilirdi:
"Bizə orada iş vermirdilər və savadlı adamlar Ermənistanı tərk edirdilər. 1988-ci ildə bu hadisələr baş verəndə atam kənddə anbardar işləyirdi. Atama ermənilər deyirdilər ki, buranı tərk etməlisiniz. Ermənilər gəlib səsucaldıcı ilə deyirdilər ki, sizi öldürəcəyik. Rayona gedən adamların üstünə silah çəkirdilər. Camaat evini tərk edib Şuşaya, Quşçulara, Malbəyli kəndlərinə və Bakıya gəldi. Sonrakı həyatımız Xocalı, Quşçular və Malbəyli faciəsi ilə bağlı oldu".
Torpaq və Vətən itkisinin, həsrətin ağır olduğunu deyən İ.Ağayev bildirib:
"Həmişə dağlara baxanda düşünmüşəm, görəsən, biz torpağımıza nə vaxt qayıdacağıq. Bu həsrət həmişə içimizdədir. Biz üç dəfə deportasiyaya məruz qalmışıq, amma hər dəfə torpağımıza qayıtmışıq. Mütləq yenə torpaqlarımıza qayıdacağıq".
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini və doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
8
1
oxu.az

2Mənbələr