AZ

Səfir: Azərbaycan dövləti Çingiz Aytmatova yüksək ehtiram göstərib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Paris, 19 sentyabr, AZƏRTAC

UNESCO-nun mənzil-qərargahında “Çingiz Aytmatov və UNESCO: Dünyanı birləşdirən ortaq irs” adlı beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Qırğız Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə təşkil olunmuş konfransda Azərbaycanı UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təmsil ediblər.

Səfir Elman Abdullayev xalqımızın Çingiz Aytmatova dərin hörmət və ehtiram bəslədiyini bildirib. O, qeyd edib ki, Aytmatovun yaradıcılığı milli köklərə bağlı olmaqla yanaşı, ümumbəşəri məzmun daşıyır və bu xüsusiyyət onu XX əsrin ən görkəmli yazıçı və mütəfəkkirlərindən birinə çevirib. Aytmatov yalnız ədəbiyyat xadimi kimi deyil, həm də xalqlar arasında dostluğun, sülhün və mədəniyyətlərarası dialoqun simvolu kimi çıxış edib.

E. Abdullayev Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə Çingiz Aytmatov arasındakı dostluq münasibətlərinə də toxunub. O, xatırladıb ki, yazıçı Azərbaycan xalqı üçün yaxın dost olub və 2008-ci ildə Bakıya son səfəri zamanı Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib. Qeyd olunub ki, bu ordenin ilk laureatı məhz Çingiz Aytmatov olub və bu fakt Azərbaycanın ona göstərdiyi yüksək ehtiramın bariz nümunəsidir.

Səfir çıxışının sonunda həmçinin 2024-cü ildə Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səfərinə dair videoçarxı təqdim edib. Videoçarxda Azərbaycan Prezidentinin Çingiz Aytmatovun ev-muzeyinə ziyarəti və həmin səfər çərçivəsində ona “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi əks olunub. Bu məqam Azərbaycan–Qırğızıstan dostluq münasibətlərinin və ortaq mədəni dəyərlərin bariz nümunəsi kimi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Akademik İsa Həbibbəyli çıxışında Çingiz Aytmatovun yaradıcılığının bəşəri miqyasını xüsusi vurğulayaraq, onun dünya ədəbiyyatının “Tanrı dağı” adlandırıldığını qeyd edib. O, bildirib ki, Aytmatov öz əsərlərində milli dəyərlərlə bəşəri idealları birləşdirərək ədəbiyyatın yeni fəlsəfi üfüqlərini açıb. O, həmçinin Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çingiz Aytmatovun xidmətlərinə verdiyi yüksək dəyərin Azərbaycan xalqının ona göstərdiyi sarsılmaz ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Konfrans film nümayişi, panel müzakirələri ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr