Ukrayna - Rusiya müharibəsi artıq uzun müddətdir iki ölkənin toqquşmasından fərqli müstəviyə keçid edib. Söhbət Qlobal Şimal və Qlobal Cənubun qarşıdurmasından gedir. Ukrayna torpaqları bu iki qütbün poliqonuna çevrilib.
Qərb bloku Kiyevə dəstək verdiyi kimi, Çin, Şimali Koreya, İran kimi ölkələrdə Rusiyanı fəal şəkildə dəstəkləyirlər. Hətta Rusiya təbliğat maşının məhşur simaları yenidən Şimali Koreyadan əsgər gətirilməsini və itirilən qüvvələri onların hesabına kompensasiya etməyi təklif edirlər. Düzdür ən son məlumatlara əsasən Kim Çen və Vladimir Putin arasında əldə olunmuş razılaşmalar üzərindən müəyyən fikir ayrılıqlarının yarandığı qeyd olunur. Ancaq bu tip məlumatlar ümumi gedişata təsir göstərmir.
Ukrayna münaqişəsi dalana dirənib. Nə Ukrayna ərazi güzəştinə getməyi qəbul edir, nədə Rusiya şərtlərindən bir addım geri atmır.
Təbii ki, proseslərin pərdəarxası məqamlarında Çinin xüsusi rolu var, Avropa gücləri yanaşmalarında səmimi deyil və ABŞ müharibə fonunda silah ixracına fokuslanıb. Bu kimi məsələlər səbəbindən müharibə yekunlaşmaq bilmir və hətta coğrafiyasının genişlənmə riski artır.
Aydındır ki, yeni qlobal nizam formalaşır və münasibətlər sistemi sıfırlanmağa ehtiyac duyur. Eyni zamanda mümkün dəyişikliklər də heç zaman qansız baş verməyib. Yəni, Yaxın Şərqdəki mürəkkəb geosiyasi vəziyyət, Ukrayna müharibəsindəki qeyri-müəyyənlik, Asiyada hər an alovlanmağa hazır ocaqlar keçid dövrünün vacib bir komponentidir.
Siyasi şərhçi Pərviz Mirizadə