Berlin, 19 sentyabr, AZƏRTAC
Fubol üzrə Almaniya millisinin heyətində çıxış etmiş Jerom Boatenq 19 illik karyerasını başa vurduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, futbolçu bu barədə 9 milyondan çox izləyicisi olan instaqram səhifəsində paylaşdığı videoda bildirib. “Uzun müddət futbol oynadım, böyük klublarda, ölkəm üçün çıxış etdim. Öyrəndim, qalib gəldim və uduzdum. Futbol mənə çox şey verib. İndi isə hərəkət etmək vaxtıdır”, - deyən J.Boatenq çıxış etdiyi komandalara, azarkeşlərə və onu dəstəkləyən insanlara minnətdarlığını bildirərək artıq futbolla vidalaşmağın vaxtı olduğunu deyib.
Karyerasına “Herta Berlin”də başlayan 37 yaşlı müdafiəçi sonrakı illərdə “Hamburq” (2007-2010), “Mançester Siti” (2010-2011), “Bavariya” (2011-2021), “Olimpik Lion” (2021-2023), “Salernitana” (2024) klularında çıxış edib. 2024-cü ildən Avstriyanın “LASK Linz” klubuna transfer olunan futbolçunun müqaviləsinə bu ilin avqustunda xitam verilib.
O, 2009-2018-ci illərdə Almaniya millisinin heyətində 76 oyunda forma geyinib və 1 qola imza atıb. 2014-cü ildə Almaniya millisinin heyətində dünya çempionu adını qazanan J.Boatenq 2016-cı ildə bu ölkədə “İlin futbolçusu” seçilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin