AZ

Jurnalist niyə JURNALİST ola bilmir?

Yazını böyüt
Yazını kiçilt

Mövzu olduqca dərin və düşündürücüdür. Əminəm ki, qeyri-iradi olaraq hər bir jurnalist bu suala məhz özünün cavabı necə olardı düşüncəsinə fokuslanacaq. Əslində “mən niyə jurnalist ola bilmirəm” sualı varsa, demək ki, bu sahədə boşluq yox, fərdin özündə boşluq var. Yəni özünü jurnalistikada görməmək kimi bir hiss, yaxud, “jurnalist belə də olmalıdır” - kimi bir düşüncə. Bəlkə də bu səbəbdəndir ki, ictimaiyyətdə həm də bir politoloq, siyasi ekspert, psixoloq, hətta hüquqşünas kimi tanınmaq istəyirik... Ən pisi isə sosial şəbəkələrdə reytinq xətrinə erməni dəyirmanına su tökən canlı paylaşımlar...

Ümumiyyətlə kənardan müşahidə edəndə görürsən ki, media nümayəndələri, əsasən də teleaparıcılar arasında sanki belə bir düşüncə formalaşıb ki, jurnalist aparıcılıqla kifayətlənməməli, necə deyərlər, politoloqla politoloqluq, hüquqşünasla hüquqşünaslıq, siyasi ekspertlərlə siyasi ekspertlik, psixoloqla psixoloqluq, müəllimlə müəllimlik, hətta deputatla deputatlıq və sairə, və sairəlik edə bilər, yaxud, illah da etməlidir, “jurnalistikanın kəraməti” də bundadır.

Yaxşı, bəs sırf jurnalist peşə olaraq bu sırada hansı yerdədir? Jurnalistlər üçün təşkil edilən təlimlərin nə kimi xeyri var? Jurnalist niyə jurnalist ola bilmir?

Hafta.az olaraq suallarımıza cavab tapmağa çalışdıq.

“Jurnalist peşəkar olmalıdır, hərşeyşünas olmalı deyil”

Millət vəkili Elçin Mirzəbəyli bildirir ki, jurnalistika universal peşədir və bu gün dünyanın demək olar ki, əksər ölkələrində bu və ya digər sahələr üzrə ixtisaslaşmış jurnalistlər müxtəlif televiziya proqramlarına ekspert, siyasi araşdırmaçı kimi dəvət alır, media resurslarına açıqlamalar verirlər.

Deputatın fikrincə, əgər məsələn bir jurnalist 10-15 il ərzində davamlı olaraq siyasi jurnalistika ilə məşğul olursa, analitik məqalələr, təhlil və şərhlər yazırsa, onun qeyd edilən sahə üzrə peşəkar mütəxəssis kimi çıxış etməsindən təbii heç nə yoxdur:

“Onu da qeyd edim ki, bir çox hallarda konkret sahə üzrə ixtisaslaşmış təcrübəli jurnalistlər öz fikirlərini həmin sahələrdə çalışan və araşdırma aparan şəxslərdən daha yaxşı ifadə edirlər. Çünki onlar həm mənbələrlə işləməyi, həm informasiya toplamağı və araşdırma aparmağı, həm təhlil etməyi, həm yazmağı, həm də danışmağı daha yaxşı bacarırlar və bu, təbii qəbul olunmalıdır. Jurnalist ixtisaslaşdığı sahə üzrə peşəkar olmalıdı, hərşeyşünas olmalı deyil. Azərbaycan mediasında, o cümlədən televiziya kanallarında konkret sahələr üzrə ixtisaslaşmış kifayət qədər peşəkar jurnalist, aparıcı var. Problem, əksər hallarda verilişlərin formatı, aparıcının mədəniyyəti və peşə etikasına nə dərəcədə əməl edib-etməməsi ilə bağlı olur”.

Beynəlxalq praktikada da ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış jurnalistlərin, politoloq və ekspertlərin analitik proqramlarda moderatorluq etməklə yanaşı, öz baxış bucaqlarını da ifadə etmələrinə təbii yanaşıldığını qeyd edən E.Mirzəbəyli bildirir ki, hər şey efir mədəniyyəti və peşə etikası çərçivəsində olanda, aparıcı statusunda olan şəxs öz üstün mövqeyindən istifadə edərək, baxış bucağını zorla başqalarına sırımayanda, qarşısındakını əzməklə özünün daha ağıllı olduğuğunu göstərməyə çalışmayanda problem də yaranmır:

“Bərkdən çığırmağın, əzbərlədiyin 5-10 cümləni ucadan və sürətlə ifadə etməklə veriliş iştirakçılarına öz fikirlərini ifadə etməyə imkan verməməyin, hikkəli danışmağın, ibarəli ifadələrdən istifadə etməyin isə ümumilikdə nə jurnalistikaya, nə də aparıcılığa heç bir aidiyyatı yoxdur. Bu, konkret şəxsin mədəni səviyyəsinin aşağı olmasından, tolerant olmamasından və psixologiyasının zədələnməsindən irəli gələn problemdir. Belələri təkcə efirdə deyil, hər yerdə öz xarakterlərini büruzə verirlər.

Əgər konkret sahənin mütəxəssisi müzakirəyə deyil, müsahibəyə dəvət olunubsa, o zaman şübhəsiz ki, jurnalist konkret suallarla və ya cavablardan doğan suallarla çıxış etməli, mövzunun mahiyyətinin açılması üçün qarşı tərəfə imkan yaratmalıdır. Bu halda əgər jurnalist konkret sahənin mütəxəssisinin “ağzından vurmağa”, onu haqsız çıxarmağa çalışırsa, hədəfi müsahibi çıxılmaz vəziyyətə salmaqdırsa, bu, peşə etikasının, efir mədəniyyətinin kobud şəkildə pozulmasıdır”.

Deputat bildirir ki, bu kimi məsələlərlə bağlı hüquqi dövlətin vətəndaşı kimi yanaşmağa alışmalıyıq. E.Mirzəbəyli hər hansı bir jurnalist, aparıcı peşə etikasını pozubsa, konkret şəxsin və ya şəxslərin şərəf və ləyaqətinə toxunan davranış sərgiləyibsə, ona münasibətdə hüquqi müstəvidə, qanunvericiliyin yol verdiyi çərçivədə tədbirlər görülməsinin tərəfdarı olduğunu vurğulayıb:

“Əgər bu və ya digər neqativ hadisəyə rəvac verən, ictimai rəyə yanlış və qərəzli informasiya ötürən, nifrət nitqindən istifadə edən şəxslərə qarşı çevik hüquqi addımlar atılarsa, bu həm də çəkindiricilik baxımından əhəmiyyət daşıya bilər.

Qeyd edim ki, hazırda peşəkar jurnalistika ilə məşğul olmadığım üçün bu istiqamətdə verilən sualları da cavablandırmıram. Bütün jurnalistlərə peşəkar olmağı arzulayıram. Çünki peşəkarlıq bu sahadə uğur qazanmağın yeganə açarıdır. Öz işinin peşəkarı etik normalara da əməl edir, efir mədəniyyətinə də”.

“Jurnalistlər başqasının sahəsini əvəz etməli deyil”

Səs qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirir ki, son vaxtlar bəzi teleaparıcı və media nümayəndələrinin gündəmdə qalmaqal yaratmaqla diqqət toplamağa çalışması cəmiyyətdə təəssüf doğuran tendensiyadır.

Baş redaktor qeyd edib ki, jurnalistikanın mahiyyəti əslində başqalarının peşəsinə bənzəmək deyil, informasiya ilə cəmiyyəti maarifləndirmək, həqiqətə işıq tutmaq, sorğu-sual vermək və həqiqəti üzə çıxarmaqdır:

“Jurnalist özünü politoloq, hüquqşünas, psixoloq və ya deputat kimi göstərməyə çalışanda, peşənin dəyəri azalır. Bu, həm tamaşaçıda çaşqınlıq yaradır, həm də jurnalistikanın etimad kapitalını zədələyir. Jurnalistin işi araşdırmaq, maarifləndirmək, başqalarının fikirlərini işıqlandırmaqdır, onları əvəz etmək yox. Mənim də mediada ekspert, siyasi şərhçi kimi çıxışlarım olur. Bunun səbəbi odur ki, mən yalnız jurnalist deyiləm, həm də fəlsəfə ilə məşğulam, alimlik dissertasiyası müdafiə etmiş fəlsəfə doktoruyam, politologiya sahəsində Elmlər doktoru dərəcəsini almaq üçün elmi müdafiə mərhələsindəyəm. Yəni jurnalistikanı sırf “peşə kimi” yox, həm də elmi yanaşma, analitik düşüncə və fəlsəfi baxışla birləşdirərək inkişaf etdirməyə çalışıram”.

B.Quliyev vurğulayır ki, jurnalistika yaradıcı peşədir, amma eyni zamanda məsuliyyət tələb edir. Ekspert qeyd edir ki, jurnalist daim öz üzərində işləməli, dünyagörüşünü artırmalı, təlimlərdə iştirak etməli və peşə etikası çərçivəsində qalmalıdır.

Jurnalistlər üçün təşkil edilən təlimlərə gəldikdə isə B.Quliyev bildirir təlimlərin əsas faydası ondadır ki, jurnalistikanın prinsipləri və standartları, ixtisaslaşma təkrar-təkrar aşılanır:

“Çünki biz hərdən çox sadə sualın cavabında ilişib qalırıq: niyə biz hələ də əsl jurnalist ola bilmirik? Cavab isə bəsitdir: Əsl jurnalist olmaq üçün yalnız mikrofon tutmaq kifayət deyil. Bu həm zəhmət, həm də dərin bilik tələb edir. Jurnalistlər başqasının sahəsini əvəz etməyə deyil, cəmiyyətin informasiya ehtiyacını ödəməyə xidmət etməlidir”.

“Jurnalist işlədiyim dövrdə psixologiyadan tam uzaqlaşmamışam”

Tanınmış jurnalist, hazırda "Neuro Academy" Psixologiya Mərkəzinin psixoloqu İmdad Əlizadə isə bildirir ki, istər teleaparıcı, istər yazılı mətbuatın, yaxud xəbər saytlarının jurnalisti olsun, müsahibə üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Yəni müsahibini, onun xarakterini yaxşı tanımalı, müsahibə üçün nəzərdə tutulan sahəni əhatəli bilməlidir. Onun fikrincə, yalnız bu zaman uğurlu müsahibə alına bilər.

Psixoloq təəssüflə vurğulayır ki, uzun zamandır bəzi teleaparıcılar bu hazırlıqdan daha çox başqa istiqamətlərə köklənirlər. İ.Əlizadə hesab edir ki, bu da "ulduz xəstəliyi" kimi bir şeydir:

“Əslində sadəcə olaraq müsahibini dinləyib, açıqlamasından yaranan suallarla söhbəti davam etdirməlisən, daha onunla hərşeyşünaslar kimi mübahisə etməməlisən. Bundan başqa son dövrlərdə bəzi məsələlərin həddən artıq rezonansa səbəb olması və etiraz yaratması hallarına rast gəlirik ki, bu da sosial şəbəkələrin yaratdığı hay-küylə bağlıdır. Məsələn, biri bir mövzu atır ortalığa və əksəriyyət bunun mahiyyətinə varmadan müzakirəyə çıxarır. Müzakirəyə rəy bildirənlər iki tərəfə bölünür, biriləri fikir bildirəni "baltalayır", digər tərəf isə müdafiə edir. Sosial şəbəkələrin yaratdığı psixoloji durum insanların məsələnin mahiyyətinə varmasına imkan vermir. Nəticədə bu söz "davası" sabun köpüyü kimi şişirdilir. Yalnız gündəmə başqa mövzu gələndən sonra tərəflər sakitləşir, barəsində az qala söyüşə çıxdıqları məsələ də unudulur. Sosial şəbəkə də belədir ki, oradakı müzakirə və mübahisələri tənzimləmək çətin məsələdir. Çünki hərənin bir yanaşması var və onu mütləq ortaya qoyacaq.

Ən gülməlisi budur ki, sosial şəbəkədə guya öz məssəbincə kiminsə səhvini yazıb müzakirəyə çıxararkən həmin yazının özündə, adicə yazlışında nə qədər səhv olur. Deyən lazımdır ki, bir öz yazdıqlarındakı səhvləri düzəlt, sonra kimdənsə səhv tutarsan. Halbu ki, heç səhv sözünün özünü düz yazmayıb. Təəssüflər olsun ki, elələrinin arasında jurnalistlərə də rast gəlirik. Bu cür halların qarşısının alınmasını jurnalistikada peşəkarlığın artırılmasında görürəm. Yəni jurnalist peşəkarlığı artırılarsa, sosial şəbəkələrdə qaraguruhçu müzakirələrin qarşısını almaq mümkün olacaq. Nə sirdirsə, nəinki jurnalistlər, hansısa digər peşə sahibləri də bu qaraguruhçulara qoşulub mahiyyətini anlamadan mübahisələr edirlər. Bir məqsədləri var ki, insanlar mənim haqqımda yaxşı-pis danışsınlar, paylaşımlar etsinlər, ta ki mən gündəmdə olum”.

İ.Əlizadə journalist olduğu halda son vaxtlar psixoloq kimi fəaliyyətə başlamasına da ayrınlıq gətirib. Bildirib ki, əslində ixtisası psixologiyadır və bundan sonra psixoloq kimi çalışacaq:

“Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasını bitirmişəm. Necə deyərlər, bu sahədə üçpilləli akademik təhsilim var - bakalavr, magistratura və doktorantura. Magistratura və doktoranturada psixologiyanın ən vacib və maraqlı sahəsi olan hüquq psixologiyası üzrə ixtisaslaşmışam. Jurnalist işlədiyim dövrdə psixologiyadan tam uzaqlaşmamışam, həm təhsilimi davam etdirmişəm, həm də zaman-zaman praktik olaraq psixoloq kimi fəaliyyət göstərmişəm. Bu sahədə olan vəziyyəti isə ürəkağrısı ilə izləmişəm. Çünki həm azərbaycanlıların psixoloqa, psixoloji xidmətə müraciəti sahasində ciddi problemlər var, həm də bəzi "psixoloq"ların fəaliyyətində. Özünü psixoloq sayıb psixologiyadan, real, doğru-düzgün psixoloji xidmətdən başqa hər işlə məşğul olan "psixoloq"ların sayəsində Azərbaycanda psixoloji xidmət nüfuz və gözdən düşür, psixoloqlara inamsızlıq yaranır. Baxmayaraq ki, bu sahə bizim ölkədə çox da qədim tarixə malik deyil, psixoloji xidmət əsasən müstəqilliyimizi bərpa edəndən sonr inkişaf etməyə, geniş vüsət almağa başlayıb. Psixologiyanın, psixoloji xidmətin, ən vacib peşələrdən biri olan psixoloq işinin nüfuzdan düşməsinə imkan vermək olmaz, bunun qarşısını almaq lazımdır”.

Seçilən
3
1
hafta.az

2Mənbələr