AZ

Avtobus dayanacağında mübahisə qanla bitdi: 16 yaşlı yeniyetmə HƏBS EDİLDİ

Şərur rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə 11 fevral 2025-ci il tarixdə Şərur şəhərinin Nizami küçəsində yerləşən avtobus dayanacağında baş verib.

Təqsirləndirilən şəxs əvvəllər tanıdığı, lakin adını bilmədiyi 2007-ci il təvəllüdlü zərərçəkmiş şəxsə yaxınlaşıb və mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq zərərçəkmiş şəxsə qarın nahiyəsindən bir zərbə vurub və qaçıb. Zərərçəkmiş şəxsə sağ ön qabırğaaltı nahiyədə daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib ki, bu da sağlamlığa ağır zərər kimi qiymətləndirilib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs əməlini qismən etiraf edib, lakin qorxutmaq məqsədi ilə etdiyini iddia edib. Zərərçəkmiş şəxs və şahidlər isə mübahisənin təqsirləndirilən şəxsin təşəbbüsü ilə başladığını və xuliqanlıq niyyəti ilə törədildiyini bildiriblər.

Məhkəmə təqsirləndirilən şəxsin ailə vəziyyətini (atası deport olunub, qardaşı həbsdədir), yetkinlik yaşına çatmadığını və zərərçəkmiş şəxsin barışdığını nəzərə alaraq cəzanın aşağı həddini təyin edib. Naxçıvanın Ağır Cinayətlər Məhkəməsi 2009-cu il təvəllüdlü təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edib.

Seçilən
6
1
far.az

2Mənbələr