Nepalda hüquq-mühafizə orqanları ötən həftə baş verən kütləvi iğtişaşlar fonunda həbsxanalardan qaçan 5495 məhbusu saxlayıb.
AFN.az "Nepal News"a istinadən xəbər verir ki, bu barədə ölkənin həbsxanalar departamenti məlumat yayıb. Bildirilir ki, qaçan cəzalıların 8,800-dən çoxu hələ də azadlıqdadır.
Departamentin məlumatına görə, Nepalda 27 həbsxanadan təxminən 13,600 nəfər qaçıb. İğtişaşlara qədər ölkədə məhbusların sayı 29 mindən çox idi. Həmçinin islah müəssisələrindən qaçan 964 yeniyetmədən 244-nün geri götürüldüyü də bildirilir.
Daha əvvəl “The Kathmandu Post” polisə istinadən xəbər vermişdi ki, qaçanlar arasında qətl, zorlama, adam oğurluğu və insan alverində məhkum olunmuşlar da var. Qaçanların axtarışı və yaxalanması üçün ordu və polis səfərbər edilib.
Keçən həftənin əvvəlində Nepalın Katmandu və digər şəhərlərində korrupsiyaya və sosial mediaya qadağaya qarşı etirazlardan sonra iğtişaşlar başlayıb. Əsas iştirakçılar Gen-Z gənclər hərəkatının tələbələri və fəallarıdır. Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər. 70-dən çox insan həlak olub, 1300-dən çox insan yaralanıb.