Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, viza möhürlərindən Ağrıdağın təsvirinin çıxarılması Türkiyənin tələbi ilə deyil, dövlətçiliyi möhkəmləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, Ermənistan öz ərazi bütövlüyünü tanımalı və beynəlxalq qaydalara uyğun məsuliyyətli dövlət kimi fəaliyyət göstərməlidir. Bundan sonra ölkəyə giriş-çıxış möhürlərində Ağrıdağ təsviri yer almayacaq.
Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, bundan əvvəl dəfələrlə müxtəlif platformalarda Paşinyan bildirib ki, onların hədəfi indiki mövcud Ermənistanı dirçəltməkdir.
"Ona görə də xəyali, fantastik, “dənizdən-dənizə”, neçə qitəni əhatə edən "böyük Ermənistan" haqda danışıqları bir kənara qoyub real mövzulara, real Ermənistana yönəlməlidirlər: onun inkişafı, qorunması, təhlükəsizliyi və s. ilə məşğul olmalıdırlar. Təəssüf ki, bu, erməni cəmiyyəti üçün çox çətin görünür, çünki erməni cəmiyyəti müəyyən dərəcədə şovinist və faşist ruhlu tərbiyə olunub, irredentizm və revanşizm orada güclüdür. Buna görə də vəziyyət çətin görünür. Amma Paşinyan buna çalışır".
Politoloq qeyd etdi ki, Ermənistanın 90 milyonluq Türkiyə və ya 10 milyonluq Azərbaycan kimi qonşularla düşmən kimi yaşamaq şansı yoxdur:
"Yəni iki milyonluq bu kiçik dövlətin daim düşmənçilik kökündən fəaliyyətini davam etdirməsi mümkün deyil. Ona görə də Ermənistan ya Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdıracaq, yoxsa yox olacaq. Paşinyan bunu çox yaxşı bilir. Ona görə qonşularla münasibətləri normallaşdırmağa çalışır, Azərbaycanla sülh müqaviləsi bağlamağı hədəfləyir, Qarabağı Azərbaycanın tərkibi kimi tanımağa çalışır, Türkiyə ilə dialoq aparmağa çalışır və s. Təəssüf ki, ermənilərin çoxu bunu başa düşmür və müxalifət bundan sui-istifadə edərək hakimiyyətə qarşı “xəyanət etdi”, “xalqın, dövlətin maraqlarını satdı” kimi ifadələrlə çıxış edir. Amma reallıq odur ki, əslində Paşinyan ölkəsini bu cür xilas etməyə çalışır. Ermənistan öz ərazisində faktiki və beynəlxalq səviyyədə mövcud olan imkanlardan istifadə etməli, qonşularla münasibətlərə üstünlük verməlidir. Məncə, Paşinyan məhz bunu demək istəyir: indiki, real Ermənistan Respublikasında mövcud olanlardan istifadə etmək və işğalçı düşüncələrə son qoymaq lazımdır", - deyə Turab Rzayev yekunlaşdırdı.
Xədicə BAXIŞLI