BAKI, 19 sentyabr. TELEQRAF
İspaniya polisi Kanar adalarında "El Buque" ləqəbi ilə tanınan ölkənin ən böyük narkotik ticarəti şəbəkəsinin liderini həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb .
Məlumata görə, saxlanılma əməliyyatı milli polis və mülki qvardiya əməkdaşları tərəfindən birgə həyata keçirilib.
Əməliyyat zamanı 17 nəfər saxlanılıb, 14 mülk, 38 nəqliyyat vasitəsi və 24 gəmi ələ keçirilib. Cinayətkar qrup mürəkkəb gizlətmə sxemlərindən istifadə etməklə külli miqdarda narkotik vasitələrin dəniz yolu ilə daşınması ilə məşğul olub.
Qruplaşmanın liderinin saxlanılması bir ildən artıq davam edən istintaqın nəticəsində mümkün olub. Araşdırma nəticəsində cinayətkar struktur tamamilə zərərsizləşdirilib və onun bütün üzvləri narkotik alveri və mütəşəkkil cinayətkar dəstədə iştirak ittihamları ilə məsuliyyətə cəlb olunub.