Kiyev, 19 sentyabr, AZƏRTAC
Ukrayna silahlı qüvvələri Donetsk vilayətində əks-hücumlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.
Zelenski qeyd edib ki, Ukrayna qoşunları Rusiya hücumunun ən mühüm oxlarından olan Pokrovsk və Dobropol bölgələrində əks-hücum əməliyyatlarını davam etdirir. Rusiya tammiqyaslı hücuma keçə bilməyib.
"Qoşunlarımız Rusiya qüvvələrini darmadağın edir. Ruslar xeyli itki verib. Ölkəmizin mübadilə fondu da xeyli artırılıb. Hər gün daha çox rusiyalı əsir götürülür", - deyə Prezident əlavə edib.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna qoşunları Xarkov vilayətinin Kupyansk şəhəri və ətraf rayonlarda öz mövqelərini müdafiə edir. “Rusiyanın etdiklərinə cavab olaraq yeni dərin zərbələr də olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev