Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İki bıçaq təsəvvür edin, - biri məsum bir insanın ölümünə səbəb olur, o biri qurbanlıq bir heyvan kəsir. Yəni, biri cinayətə alət olur, biri ibadətə. Əslində, biz də o bıçaqlar kimiyik, kimimiz xeyirə alətik, kimimiz şərə.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insanın qurtuluşuna səbəb olmaq içindəki bütün naz-neməti ilə birlikdə bu dünyadan daha xeyirlidir. “İnsanın qurtuluşu” dedikdə ölümdən qurtulmaq deyil, cəhalətdən qurtulub Haqqa yönəlmək, zülmətdən çıxıb aydınlığa üz tutmaq, şəri tərk edib xeyri üçün çalışmaq və ən əsası öz yaradılışının qayəsini anlamaq nəzərdə tutulur. Yoxsa, kim ölməyəcək ki?.. Ha bu gün, ha sabah, ha beş il sonra... Hamımız ölüm adlı o ədalət qapısından girib Rəbbimizin hüzuruna çıxacağıq. Buna görə də, hər əməlimizi də o günü, o hesabı düşünərək işləməliyik.
Bizim anladığımız həqiqət budur, yəni xeyir yolunda olmaq, xeyir üçün çalışmaq. Və inanırıq ki, xeyir üçün çalışanlar nəticədə, mütləq xeyir taparlar.
Qanuni Sultan Süleymanın süd qardaşı, İstanbulun mənəvi keşikçilərindən sayılan Yəhya Əfəndi bir Ramazan günü dərgahın pəncərəsi önündə dayanıb küçəyə tamaşa edirdi. Baxdı ki, bir sərxoş səndələyə-səndələyə gəlib küçənin qarşı tərəfində dayandı və deyinməyə başladı:
- Allah bir quru çörək yetirsəydi, bir qismət yeyib gedib yatardıq...
Yəhya Əfəndi sərxoşda nə gördüsə, dərgah xidmətçisini çağırdı. Və tapşırdı ki, bir sini yemək hazırlasın və aparıb onun qarşısına qoysun. Sərxoş bir də gözünü açdı ki, quru çörək istədiyi yerdə Allah ona bir sini yemək göndərib, özü də çeşid-çeşid. Sininin başına çökdü və silib-süpürməyə başladı. Yəhya Əfəndi baxdı ki, sərxoş bütün yeməkləri yeyib qurtardı, ancaq zeytuna əl vurmadı. Yuxarıdan aşağı ona səsləndi:
- Oğlum, bizim zeytunlarımız çox ləzzətli olur, onu niyə yemədin?
Qarnını doyurub, kefi üstünə gələn sərxoş başını qaldırıb Yəhya Əfəndini gördü və dedi:
- Baba, mən nə qədər alçaq və rəzil bəndə olduğumu yaxşı bilirəm. Ancaq onu da bilirəm ki, Allah bu zeytuna dəyər verib, onun adını Qurana yazıb. Ona görə də, nə qədər elədim, əlim ona uzanmadı...
Yəhya Əfəndi:
- Oğlum, niyyətin qismətin olsun, içəri gir, - dedi və deyilənə görə, Ramazan ayında küçədə sərxoş gəzən o adam çox keçmədi ki, təqva sahibləri arasında yerini aldı və o dərgahdan da kəfənlə çıxdı...
Bəli, əziz oxucular, hansımız günahkar deyilik ki?! O kimdir ki, “Mənim günahım yoxdur” deyə? Əmin olun ki, bizim üçün “Mənim heç bir günahım yoxdur” demək özü günahdır. Biz günahkar bəndələrik, ancaq nə qədər günahkar olsaq da, Mərhəməti Sonsuz Allahın qullarıyıq. Bu həqiqəti, bu səadəti anlayaraq yaşamaq ən böyük təsəlli qaynağımızdır.
Sözümüzün canı odur ki, danışa biliriksə, xeyir danışaq, xeyir danışmırıqsa, susaq; qurtara biliriksə, qurtaraq, qurtara bilmiriksə, həddimizi bilək, çəkilib öz işimizin ardınca gedək, bezdirməyək, küsdürməyək, uzaqlaşdırmayaq...
Cənnət də Allahındır, Cəhənnəm də, biz də... Ağlımızı, iradəmizi həmişə xeyir istiqamətində səfərbər edək və hər işdə “Allahım, məni xeyirə səbəb qıl!” deyə dua edək!..Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.