ABŞ-ın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi elçisi, general Kelloq Rusiyanın planları və Qərbin reaksiyası ilə bağlı “The Telegraph” qəzetinə geniş müsahibə verib.
Musavat.com xəbər verir ki, general Kelloq Putinin davranışlarını Hitlerin siyasəti ilə müqayisə edərək ciddi xəbərdarlıq edib: “Putinə bir qarış verin — o, bir mil götürəcək. O mənə yalnız Sudetləri istədiyini iddia edən Hitleri xatırladır, amma nəticədə biz İkinci Dünya müharibəsinə girməli olduq”.
Kelloq bildirib ki, Putin Ukraynanı ələ keçirsə, NATO ölkəsinə də hücum edə bilər. Onun sözlərinə görə, Putinə görə cəzanı Haaqa müəyyən etməlidir, lakin bir çox ölkələrin bunu görməməzlikdən gəlməsi onu məyus edir.
General vurğulayıb ki, Putin müharibəni qazanacağını düşünür, lakin bu belə deyil: “Tramp sadəcə ona danışıqlar masasına oturmaq üçün vaxt verir, amma kartlar bizim əlimizdədir”.
“Ukrayna gələcəyə baxmalıdır” — Kelloq
Kelloq qeyd edib ki, Ukrayna indi bəzən itirilmiş əraziləri tanımalı olsa belə, uzunmüddətli perspektivdə onları geri qaytara bilər: “Ukrayna gələcəyə baxmalıdır. Reallığı qəbul etmək lazımdır. De-fakto de-yure demək deyil”.
O, tarixi misal kimi Baltikyanı ölkələrin SSRİ-yə de-fakto daxil edilməsini ABŞ-ın heç vaxt tanımadığını xatırladıb və bunun Uells doktrinasına uyğun dəstəkləndiyini vurğulayıb.
“Rusiya təcriddə qalacaq”
General həmçinin Rusiyanın Çin, İran və Şimali Koreya ilə yaxınlaşmasını təhlükəli adlandırıb: “Əvvəllər biz onları ayrı saxlayırdıq, amma indi hamısı baş qaldırıb. Buna cavab vermək üçün yaxşı planımız olmayıb”.
Kelloqun sözlərinə görə, Amerika-Rusiya münasibətləri yalnız Putindən sonra yaxşılaşa bilər: “Rusiya yaxşı millətlər liqasına qoşulmayana qədər o, təcrid olunmuş dövlət olaraq qalacaq”.
Sonda general vurğulayıb ki, Ukraynanın ərazi məsələləri ilə bağlı qərarları yalnız Kiyev verə bilər: “Tramp Ukrayna torpağı ilə alver etmir. Bu, Zelenskinin mandatıdır. Başqa kimsənin yox”.
Musavat.com