"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
"Olduqca gərgin oyun oldu. Ümumiyyətlə, mövsümün əvvəli olmasına baxmayaraq hər matç bizim üçün çox dinamik, sürətli və gərgin şəraitdə keçib. Bu, bir daha çempionatımızın keyfiyyətinin artmasını göstərir. Təbii olaraq, bizi sevindirir. Amma başa düşürük ki, rəqabətə hazır olmalıyıq. Hər oyunda qələbə qazanmaq nə qədər çətindir. Bu gün qalib gəlməsəydik də, oyun bizim üçün pis keçmirdi. Çalışırdıq ki, rəqibin müdafiəsini yaraq. Bir neçə epizodda alındı, amma ilk hissədə bundan istifadə edə bilmədik. Qol buraxdıqdan sonra oyun bizim üçün çətinləşdi.
Ən vacib olan odur ki, komanda tələsmirdi. Tez və sürətli oynamağa çalışırdıq, amma tələskənlik yox idi. Hər məşqçini belə qələbələr sevindirər, qürurlandırar. "Şamaxı" kimi möhkəm komandaya son 10 dəqiqədə 2 qol vurub oyunu çevirmək sevindiricidir. Futbolçularımı təbrik edirəm. Sabahdan növbəti oyuna köklənməliyik. Növbəti turda "İmişli" ilə qarşılaşma var. Bir oyunda məğlub olublar, onda da 90+9-cu dəqiqədə qol buraxıblar. Dörd oyundur ki, qol buraxmırlar. Ona görə də bizi "İmişli" ilə matç çox qayğılandırır".