AZ

Dörd divar, bir masa, bir ağ şam idi

ain.az bildirir, 525.az portalına istinadən.

Məmməd TAHİR

YAĞIŞLI AXŞAM

Mən idim,

Yağışlı bir axşam idi,

Dörd divar, bir masa, bir ağ şam idi.

Hərdən göy gurlayır, şimşək çaxırdı.

Tənək yarpağından süzülən yağış

Elə bil göydən yox, gözdən axırdı.

Şam yanıb əriyir, axır dibinə,

Bir sap uzanırdı şamın qəlbinə.

Bu sap yandırırdı şamı içindən

Gecədə görürdü hər günahı şam

Yağışın səsiydi, şam işığıydı,

Mən idim, bir də ki yağışlı axşam.

Bir mahnı kimiydi yağışın səsi,

Sözləri eyniydi, ahəngi eyni.

Açılmaq bilmirdi axşamın eyni.

Yanıb əriyirdi içimdə bir şam,

Mən idim, bir də ki yağışlı axşam.

ADAMA UMUDDU

Bir az həyəcan var, bir az təlaş var,

Burda adamların baxışlarında.

Soyuq divarların naxışlarında,

Hər ayaq səsində soyuq savaş var.

Adamlar qüssəli, fikirli, dalğın.

Xəstəlik gətirib onları bura.

Dodaqlar sıxılı, yanaqlar solğun,

Gözlər də əriyib düşüb çuxura.

Kiçik otaqlarda ağxalatlılar

Gah təzyiqi ölçür, gah resept yazır.

Böyük palatada can verən də var,

Əzrayıl dayanıb qapıda hazır.

Kiminin gözündə umud işığı,

Kimisi həkimdən imdad diləyir.

İtib gözəlliyi, yar-yaraşığı,

Bir gəlin uçmağa qanad diləyir.

Tutub sürahidən çox ehtiyatla,

Soyuq pillələri enir bir qoca,

Aylar saniyəylə, illər saatla,

Onun həyatından çıxılır borca.

Nə canın ağrıya, umud usana,

Dərdini, ağrını, kaş, tez qanalar.

Məscid də, kilsə də qalsın bir yana,

Adama umuddu xəstəxanalar.

BU GÜN DƏ GƏLMƏDİN

Sən bu gün də gəlmədin...

Qəlb susdu, can üzüldü.

Sıxıldı gül yarpağı,

Ləçəkdən yaş süzüldü.

Qumrular pıçıldaşdı,

Görən niyə gəlmədi.

Səbəbi bircə cümlə,

Yəqin bicə kəlmədi.

Sən bu gün də gəlmədin,

Yollar üstümə gəldi.

Qulağım cingildədi,

Ya bir səsdimi gəldi.

Durub boylandım çölə,

Çöllər sükut içində.

Görən heç bildinmi ki,

Nələr öldü içimdə.

Dünən də, ötən gün də

Nə çəkdim, nə, bilmədin.

Bilsən, yəqin gələrdin,

Sən bu gün də gəlmədin.

BƏLKƏ DƏ HEÇ DƏYMƏZ

Bəlkə də heç dəyməz xatırlamağa,

Bilmirəm nə idi içimdə sönən,

Duyğular dönmüşdü soyuq sazağa,

Sən susub dururdun, mən idim dinən.

Mən ki görməmişdim heç belə səni,

Sənin bu üzün də var imiş demə.

Yolumu çaşdırdı gözünün çəni,

Üzünün o üzü qar imiş demə.

Bəlkə də heç dəyməz xatırlamağa,

Sən anam deyildin, atam deyildin.

Elə bil heç məni tanımamısan

Elə bil dünənki adam deyildin.

İçində düşündün, içində dedin,

Üzündə hər sözün rəngi qalıbdır.

Üstünü qar örtmüş gül kolu idin,

Gördüm yarpağını soyuq alıbdır.

Könlümdən keçəni güllər eşitdi,

Fikir çözələndi, döndü yumağa.

Bir payız mehiydi, əsdi, üşütdü,

Bəlkə də heç dəyməz xatırlamağa.

AĞDAM QATARI

Ağdamdan çıxdığı otuz iki il,

Geri dönməmişdi o vaxtdan bəri.

Arada dəyişmiş gör neçə nəsil,

Onu gözləyirdi Ağdam şəhəri.

Relsləri sökülmüş, yolu dağılmış,

Ağdama getməyə iz qalmamışdı.

Ağdamın gözləri yoldan yığılmış.

Dərdini deməyə söz qalmamışdı.

Aradan keçmişdi otuz iki il,

Bir gün yola çıxdı Ağdam qatarı.

Çıxar eynəyini, gözlərini sil,

Yolların açıqdı, Ağdam qatarı.

Bu gediş bir yurdun cəsarətidi,

İçindəki yükü özündən böyük.

Torpaq həsrətidi, yurd həsrətidi,

Qatarın Ağdama apardığı yük.

Vətəndi bu anı mənimlə bölən,

Hamı bu sevinci duyaydı barı.

Qələbə sözünün sonunda gələn

Sonuncu nidadı Ağdam qatarı.

BİZİM XƏZƏR

Hər gün bir az dayazlaşır mavi Xəzər,

Bu doğrunu isitməyə köz gərəkdi.

Səni üzən, məni üzən, bizi üzər,

Bu xəbərə hansı dodaq sığal çəkdi.

Xəbər uçur hər tərəfə bircə anda,

Bu xəbərə görən nədən hamı susur?

Xəbərçi var neçə şəkil, neçə donda,

Kimisi də bu xəbərdə gəzir qüsur.

Hər gün bir az kiçilməkdə, daralmaqda,

Sanma ki, biz sıxılırıq, darılırıq.

Çox ustayıq kar olmaqda, kor olmaqda,

Nə bilsinlər Xəzərlə bir daralırıq.

Süfrəsində balığına, kürüsünə

Bəh-bəh deyən bu xəbərə dodaq büzür.

Nə deyəsən belə adam sürüsünə,

Beləsi də səni üzür, məni üzür.

Hər suala verəcəyi cavab hazır,

Qarşılayar, yola salar soyuq nəzər.

Baş ekoloq hesabatda belə yazır:

Hər gün bir az dayazlaşır bizim Xəzər.

İÇİMDƏ BİR DOSTUM ÖLDÜ BU SƏHƏR

Birisi içimdə öldü bu səhər,

Nə gözyaşı tökdüm, nə yas saxladım.

Əl atıb buluddan tutdum bir təhər,

Yeridim, büdrədim, ayaq saxladım.

Kimsənin xəbəri olmadı bəlkə,

Səssiz dəfn elədim elə içimdə.

Azaldı sevdiyim dostların biri,

O döndü qapqara külə içimdə.

Bir gün xəbər tutar öz ölümündən,

Hələ dirilər tək gəzib dolaşır.

Məndən savayı da neçə ürəkdə

Çox gülü, çiçəyi əzib dolaşır.

Könül sındırmaqdı, qəlbə dəyməkdi,

Bəlkə də birinci peşəsi onun.

Yüz ürək sındırsın, yüz qəlbə dəysin,

Yenə yerindədi nəşəsi onun.

Könlümdə ağrı var, dilimdə qəhər,

Ümiddən, gümandan bir az saxladım.

İçimdə bir dostum öldü bu səhər,

Nə gözyaşı tökdüm, nə yas saxladım.

ELƏ Kİ PAYIZA UZANIR BU YOL

Elə ki, saralır, solur gül-çiçək,

Elə ki, payıza uzanır bu yol.

Əl atıb tutmağa bir quruca kol,

Dalıyca qaçmağa ya bir kəpənək,

Ya uçan qarışqa, ya bir böcək ol.

Elə ki, payıza dikilir gözlər,

Quru bir təsəlli olur dağ-dərə.

Günlərin bölünür xeyirə, şərə.

Sənə soyuq gələn o soyuq üzlər,

İtir yaddaşından, ölür min kərə.

Elə ki, arxanda uzanır kölgə,

Söhbətə dönürsən, mövzu olursan.

Sən də sakitləşib quzu olursan.

Ayamda, sayamda, düşəndə bəlkə

Qısa söhbətlərin duzu olursan.

Bu yaylaq ömründə çiçəyin, kolun,

Yağışın, küləyin dadı sənindir.

O günəş ocağın odu sənindir.

Elə ki, arana uzandı yolun,

Günəşin, buludun adı sənindir.

Hələ yaşayırsan yaylaq çağını,

Heç xəbər tutmursan ömür, yaş keçir

Necə ki, yaylaqdı, günün xoş keçir.

Bir gün də qar tutar od-ocağını,

Görərsən ömürdən qarlı qış keçir.

Ömrün yazı yaylaq, payızı aran,

Tövşüyür, təngiyir, usanır bu yol.

Ələnir yağışlar, yağır, qar, boran,

Elə ki payıza uzanır bu yol.

BİR GÜL PÖHRƏLƏR

Payızı eləydi, baharı belə,

O dərə, bu təpə, göy birtəhərdi.

Qurumuş güllərə bir az su çilə,

Baxarsan içindən biri göyərdi.

Bir sığal oyadar qurumuş gülü

Biganə baxarsan, solar çöhrələr.

İsit nəfəsinlə quruyan çölü,

Baxarsan içindən bir gül pöhrələr.

Ovulub tökülür gülün yarpağı,

Çox qəmli görünür quru ləçəklər.

Sula çiçəkləri bu səhər çağı,

Baxarsan içindən biri çiçəklər.

Gedərsən uzanar yolu payızın,

Səhərə gülümsər bu yaz çöhrələr.

Suvarsa könlünü hərə bir qızın,

Baxarsan hər evdən bir gül pöhrələr.

BİR BULAQ BOYDA

Könlümü gah hava, gah da su çəkir,

Torpağın yaşamaq qayğısı çəkir.

Bəlkə tamarzıdı bir xoş baxışa,

Bir az da sevilmək duyğusu çəkir.

Elə ki, başını buraxdın ömrün,

Hər şeyi bir ölüm yuxusu çəkir.

Gün döyür yolların yoxuşlarını,

Qurd yeyir ağacın koğuşlarını.

Biri papağını bir az yan qoyub,

Qaytarır qızların baxışlarını.

Buludun altıyla yüyürür biri,

Gözləyir göylərin yağışlarını.

Gözlərin yükü var bir çıraq boyda,

Ürəyin ərki var bir yarpaq boyda.

Gözümün içindən ümid göyərir,

Göyərir hər səhər bir budaq boyda.

Sən bu sevgiyə bax, bu istəyə bax,

Axır ürəyimdən bir bulaq boyda.

OLACAQ

Bir azca torpaqdı, bir azca da daş,

Bir az da su qatsan, koma olacaq.

Buluddu, havadı, bir də günəşdi,

Bir az nəfəs versən, səma olacaq

Hələ nə əvvəldi, hələ nə axır,

Başından əriyib gözündən axır,

Onsuz da alovu canını yaxır,

Nə olsa, birinci şama olacaq

Nə vaxtdır buz tutub, açılmır donu,

Yerin nəzərində, göy görür onu,

Bilirəm, mən gedən bu yolun sonu

Bəlkə gec olacaq, amma olcaq.

O KÖLGƏ

Arxamca bir bəyaz kölgə dolaşır,

Gəzir şəhər-şəhər, ölkə dolaşır.

Dumandan süzülür, çəndən arınır,

İçində min sual, bəlkə dolaşır.

Bir anlıq, bir günlük səvabdan ötrü

Gündə yüz Mədinə, Məkkə dolaşır.

Gün doğur, buludun altında qalır,

Özü yox, dumanın yadında qalır,

Axtarıb tapmıram, sorsam deyirlər

O, göyün yeddinci qatında qalır.

Nə yeyir, nə içir, bir kimsə bilmir

Gizlidi, o sirdi, batində qalır.

O daşdı, torpaqdı, sudu, havadı,

Bir az məhəbbətdi, bir az vəfadı.

Daşı daş üstünə qoyana kömək,

Adama komadı, quşa yuvadı.

Tanısan sevərsən, sevsən görərsən,

Ürəkdə mərhəmət, dildə duadı.

Məndən yuxarıda, yuxarı durur,

Odu aşağıda, buxarı vurur.

İçimdən uçurur məni bu dünya,

O kölgə, içimdə bir dünya qurur.

YAXŞI Kİ...

Nə yaza bənzəyər, nə qışa oxşar,

Nə qol-qanadı var, nə quşa oxşar.

Saçımı isladan, yoluma yağan

Nə çənə, dumana, yağışa oxşar.

Ayağa dolaşan, ələ tərs gələn

Yamaca bənzəyər, yoxuşa oxşar.

Bir az bənzəri var açan çiçəyə,

Körpə tumurcuğa, cavan ləçəyə.

Açıb bir budaqda yuva eyləyər,

Bir qurda, bir quşa, bir də böcəyə.

Bir gün ayaq qoyub gəlmək istəsən,

Dönər o sevdiyin köhnə küçəyə.

Bir can atəşiylə yanar ocağı

Yerin sinəsidir, göyün qucağı.

Budağın dərdini gözündən anlar,

Qoyar öz yerinə qopan yarpağı.

Bir gün baş götürüb gedər, görərsiz,

Bir də bu dünyaya dəyməz ayağı.

Sinəmin altında döyünüb durar,

Özü çəkdiyinə deyinib durar.

Hamının, hamının uçurduğunu

Hamıdan gizlicə gecələr qurar.

Hamının unudub getdiyi yerdə,

Yaxşı ki, yaxşı ki, bircə ürək var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
525.az

1Mənbələr