AZ

Qazaxda “Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır” mövzusunda tədbir keçirilib

Qazax, 19 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə “Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş kitablardan, əl işlərindən ibarət rəsm sərgisi və videoçarx nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycanın tarixindəki əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışıb. C.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan sentyabrın 20-si hər il ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Azərbaycan xalqı 2023-cü ilin 19-20 sentyabrında tariximizə Qarabağda separatizmin məhv edildiyi günü, bu müqəddəs bayramı, Dövlət Suverenlik Gününü həmişə böyük təntənə ilə qeyd edəcək. 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxmış şanlı Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə erməni separatçılarına qarşı lokal xarakterli antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat davam etmiş antiterror əməliyyatında qazanılan Qələbə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə nəticələndi. Xalqımızın həyatında böyük əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Şəhid anası Üçgülnaz İsmayılova, şəhid atası Elxan Abdullayev çıxış edərək şəhid ailəsi kimi dövlət qayğısını daim öz üzərlərində hiss etdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Şəhid valideynləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladları ilə fəxr etdiklərini, qürur duyduqlarını söyləyiblər.

MİHİ Qazax Rayon Komitəsinin sədri, Əməkdar Mədəniyyət işçisi İsgəndər Qurbanov çıxış edərək bildirib ki, ərazilərimizin işğaldan azad edilməsi, öz torpaqlarımızda suverenliyimizin bərqərar edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Artıq Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazilərimizdə suverenliyimizin bərpa olunması dövlətimizin ciddi bir uğurudur. Bu gün tək cənubi Qafqazda deyil, eləcə də bütün dünyada Azərbaycan öz dövlətçiliyini günü-gündən möhkəmlədən, öz torpaqlarını işğaldan azad edən, bütün ərazisində suveren hüquqlarını bərpa edən dövlət kimi yüksək dəyərləndirilir. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Könül Hacıyeva çıxış edərək bildirib ki, Azərbaycan xalqının suveren iradəsinin daha da möhkəmləndirilməsi, hüquqi sistemin əsaslarının müəyyən olunması üçün 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin əsasını təşkil etdi. Bu sənəd Azərbaycan dövlətçiliyinin hüquqi pasportudur. O, həm daxili idarəçilik sistemimizin bünövrəsi, həm də beynəlxalq aləmdə hüquqi statusumuzun əsas dayağıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz suverenliyini daha da möhkəmləndirir, Konstitusiya çərçivəsində hüquqi islahatlar həyata keçirərək insan hüquqlarını və qanunun aliliyini əsas prinsipə çevirib. Biz bu tarixi sənədləri sadəcə xatırlamamalıyıq, onları yaşatmalı, qorumalı və gələcək nəsillərə ötürməliyik.

Qazax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanaçısı İlahə Məmmədova çıxış edərək bildirib ki, xalqın tarixində elə anlar, elə səhifələr olur ki, zaman onun qarşısında baş əyir, əsrlər o anları yaşadaraq gələcəyə ötürür. Qəhrəmanlıqla yazılmış səhifələr acı ilə qazanılmış sevinclər, göz yaşı içində doğulmuş Zəfərlər Azərbaycan xalqının XX və XXI əsrdə keçdiyi yol məhz belə şanlı səhifələrlə doludur. Bu səhifələrin başında isə bu müqəddəs anlayış dayanır - Suverenliyimiz. Suverenliyimizi qorumaq hər birimizin borcudur. Çünki bu dəyər millətin varlığını, dövlətin möhkəmliyini, gənc nəsillərin sabahını təmin edir.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Banu Səmədli, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin şagirdi Yusif Budaqov Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

 

Seçilən
21
azertag.az

1Mənbələr