AZ

Putin sülh masasını yox, savaşı seçdi – Tramp onu məcbur edə biləcəkmi? - ŞƏRH

Rusiyanın son aylarda artan hərbi aktivliyi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Vladimir Putinin bölgədəki mövcud gərginliyi daha da alovlandırması və diplomatik danışıqlardan getdikcə uzaqlaşması, vəziyyətin nə qədər mürəkkəb və riskli olduğunu göstərir.

Sülh təşəbbüslərinin qarşısında durmadan sərtləşən ritorika və hücumların intensivləşməsi, qlobal gücləri yeni reaksiya yolları axtarmağa vadar edir. Bu fonda ABŞ prezidenti Donald Trampın mövqeyi və mümkün hərəkətləri də diqqət mərkəzindədir. Dünyada gedən proseslər, xüsusilə də Rusiya ilə Qərb arasında kəskinləşən münasibətlər, qarşıdakı aylarda beynəlxalq siyasətin əsas mövzusuna çevrilməkdədir.

Maraqlıdır görəsən, Putini sülh masasına gətirə biləcək əsas amillər hansılardır? Trampın Rusiya ilə bağlı növbəti addımları nə ola bilər? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd

Məhəmməd Əsədullazadə

Rusiya-Ukrayna müharibəsində demək olar ki, danışıqlar imkanları tükənib. Artıq tərəflər arasında müəyyən humanitar rabitə də sona çatıb. Alyaska görüşündə Putinlə Trampın nəticəsiz qalması, Putinin dəyişməz və barışmaz mövqeyi, eləcə də Avropa liderlərinin görüşdən sonra Avropada Tramp ilə bir araya gəlməsi vəziyyəti daha da gərginləşdirdi.

Tramp çox çalışırdı ki, Putinlə müəyyən razılaşma əldə etsin, Zelenski ilə görüş təşkil etsin və atəşkəsə nail olunsun. Lakin Putin bütün bunları qəti şəkildə rədd etdi və əksinə, Ukraynaya qarşı hərbi işğalı daha da genişləndirdi. Alyaska görüşündən sonra Tramp artıq Putinlə danışıqların mənasız olduğunu anladı. Rusiyanın NATO-nun hava məkanını pozması, xüsusilə Polşa və Rumıniya üzərində həyata keçirdiyi hücumlar Trampı sərt qərarlar qəbul etməyə məcbur etdi.

NATO rəhbərliyi və Avropa liderləri də Trampın mövqeyinin dəyişməsində mühüm rol oynadılar. Bu arada Ukrayna da əks-hücuma keçərək müəyyən lokal uğurlar əldə etməyə başlayıb. ABŞ artıq Ukraynaya hərbi yardımlar göstərir, hücum və öldürücü silahlar göndərir. Almaniya da hücum silahları ilə dəstək verir. Ukraynanın silahlanması və Rusiyanın dərinliklərinə zərbələr endirməsi, ABŞ-ın birbaşa hərbi dəstəyinə yol açdı. Trampın əsas məqsədi də məhz hərbi təzyiqlər vasitəsilə Putini danışıqlar masasına gətirməkdir.

Bununla yanaşı, əlavə sanksiyaların tətbiqi də vacib hesab olunur. Hazırda Tramp Avropadadır və böyük siyasi görüşlər keçirir. Onun fikrincə, Avropa İttifaqı Rusiyadan neft və qaz idxalını tam dayandırmalı və sanksiya paketlərini gücləndirməlidir. Tramp həmçinin ABŞ-ın da Rusiyanın iqtisadiyyatına ciddi zərbə vuracaq yeni sanksiyalar tətbiq edəcəyini bəyan edib.

Yəni yalnız sanksiyalar, güclü hərbi təzyiqlər və müasir silahların verilməsi ilə Putini danışıqlar masasına əyləşdirmək mümkündür.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr