Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG), bankları, kriptovalyuta əməliyyatlarını və neft daşıyan kölgə donanmasını hədəf alan yeni sanksiyalar paketi hazırlayıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiyaya qarşı hazırladıqları 19-cu sanksiya paketinin detalları ilə bağlı açıqlamasında deyib.
Lyayen Rusiyanın Aİ üçün artan təhdidlərinə diqqət çəkib.
"Son iki həftə ərzində Rusiyanın "Şahid" pilotsuz təyyarələri həm Polşada, həm də Rumıniyada İttifaqımızın hava məkanını pozdu. Bunlar sülh istəyən birinin hərəkətləri deyil. Rusiya Prezidenti Vladimir Putin gərginliyi artırır. Avropa Rusiyaya qarşı təzyiqlərini artırır. Ona görə də bu gün 19-cu sanksiya paketimizi təqdim edirəm. Rusiyanın müharibə iqtisadiyyatı qalıq yanacaqlardan əldə edilən gəlirlərlə təmin edilir. Biz bu gəlirləri azaltmaq istəyirik. Bu səbəbdən Rusiya LNG-nin Avropa bazarlarına idxalına qadağa qoyuruq. Kranı bağlamağın vaxtıdır. Buna hazırıq", - o əlavə edib.
Lyayen Rusiya xam neftinin tavan qiymətini 47,6 dollara endirdiklərini də açıqlayıb:
"Kölgə donanmasında olan daha 118 gəmiyə sanksiya tətbiq edirik. Ümumilikdə 560-dan çox gəmi Aİ sanksiyaları çərçivəsində siyahıya alınıb".
O, Rusiyanın Avropadakı neft gəlirlərinin üç il ərzində 90 faiz azaldığını bildirib:
"Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi maliyyə boşluqlarını hədəfə alırıq. Rusiya və üçüncü ölkələrdəki digər banklara əməliyyat qadağası tətbiq edirik. Sanksiyalardan yayınma ilə mübarizəmizi gücləndiririk", - AK rəhbəri vurğulayıb.
Qeyd edək ki, bu sanksiyalar paketinin qüvvəyə minməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdil razılığı lazımdır.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən, neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərlə üzləşir.
Aİ-nin sanksiya siyahısına 2500-dən çox şəxs və qurum daxildir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.