Bu günlərdə dünyanın diqqət mərkəzində yer alan hadisələrdən biri də Qazaxıstan paytaxtı Astana şəhərində prezident Qasım-Jomart Tokayevin sədrliyi ilə keçiriləndünya və ənənəvi dinlərin liderlərinin VIII Qurultayının plenar iclası oldu.
Qeyd edək ki, VIII Qurultayın işində dünyanın təxminən 60 ölkəsindən 100-dən çox nümayəndə heyəti iştirak edib.Onların arasında islam, xristianlıq, buddizm, yəhudilik, hinduizm, daosizm, zərdüştlük, sintoizm dinlərinin ruhani liderləri, həmçinin beynəlxalq təşkilatların, ekspert ictimaiyyətinin nümayəndələri, siyasi və ictimai xadimlər yer alıb. Qurultayın məqsədləridünya və ənənəvi dinlərdə əks olunan ümumbəşəri dəyərlərin axtarılması; konstruktiv dialoq aparmaq və razılaşdırılmış qərarlar qəbul etmək üçün daimi fəaliyyət göstərən beynəlxalq konfessiyalararası institutun formalaşdırılması və inkişafı olub.
Azərbaycan öz təcrübəsi ilə həm region, həm də dünya miqyasında unikal bir model kimi fərqlənir
Sözügedən tədbirdə ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə təmsil edib. Tədbirdəki çıxışında o qeyd edib ki, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinə qarşı terror və vandalizm hallarını qətiyyətlə pisləyir: “Dünyanın bütün qaynar nöqtələrində, xüsusən, Yaxın Şərqdə, Qəzzada günahsız insan qırğınına səbəb olan qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsıq miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.
QMİ sədri vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa edib: “Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir. Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik”. Həmin tədbir bir daha dünyanın diqqətinə dini, etnik zəmində ziddiyyətlərin, qarşıdurmaların nə dərəcədə təhlükəli olduğunu çatdırdı. Bunların qarşısının alınması üçün müvafiq nümunələrə ehtiyac var. Məsələn, Azərbaycan modeli burada uğurlu nümunədir. Çünki qeyd olunduğu kimi müasir dünyada etnik və dini zəmində yaranan münaqişələr beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid edən amillərdən biridir. Yaxın Şərq, Asiya və Afrikanın müxtəlif bölgələrində dini və etnik qarşıdurmalar milyonlarla insanın həyatına təsir göstərir. Bu fonda Azərbaycan öz təcrübəsi ilə həm region, həm də dünya miqyasında unikal bir nümunə kimi fərqlənir. Çoxmillətli və çoxkonfessiyalı cəmiyyət olan Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh, tolerantlıq şəraitində yanaşı yaşadığı məkan kimi tanınıb. Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərbin qovşağında yerləşməsi səbəbindən ölkədə müxtəlif sivilizasiyaların izləri mövcuddur. Əsrlər boyu burada müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar birgə yaşamış, qarşılıqlı hörmət ənənələri formalaşıb.Bu ənənələr müasir dövrdə də qorunaraq dövlət siyasətinə çevrilib. Azərbaycanın multikultural və tolerant mühit yaratmaq təcrübəsi tarixdən qaynaqlanan sosial dəyərlərlə dövlətin məqsədyönlü siyasətinin vəhdətindən ibarətdir.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqi
Azərbaycanın fərqləndirici cəhətlərindən biri rəsmi dövlət siyasəti kimi multikulturalizmin qəbul edilməsidir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması bu yanaşmanın bariz nümunəsidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxilində və xaricdə bu dəyərlərin təbliğinə xidmət edir.
Bu arada qeyd edək ki, Astana şəhərində keçirilən Dünya dinlərinin və ənənəvi dinlərin liderlərinin VIII Qurultayı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Beynəlxalq Konfessiyalararası və Dinlərarası Dialoq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Mərkəzin məlumatna əsasən, Anlaşma Memorandumunun imzalanmasında məqsəd dini və mədəni müxtəlifliyin qorunması, ictimai həmrəylik və birliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı fəaliyyətin genişləndirilməsidir. Memoranduma əsasən, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi seminarlar, konfranslar və dəyirmi masaların təşkili, dinlərarası münasibətlərin inkişafı sahəsində təcrübə və metodoloji yanaşmaların mübadiləsi, dövlət qurumları üçün proqnoz və tövsiyələrin hazırlanması, elmi əməkdaşlar üçün təcrübə proqramlarının təşkili nəzərdə tutulur. Sənəd, həmçinin tərəflərin dövlət qrant müsabiqələrində və müxtəlif elmi layihələrdə birgə iştirakını, eləcə də gələcək əməkdaşlıq formalarının qarşılıqlı razılıq əsasında inkişaf etdirilməsini ehtiva edir. İmzalanma mərasimində bildirilib ki, memorandum həm Azərbaycan həm də Qazaxıstanın qlobal miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir. Vurğulanıb ki, memorandum regional və beynəlxalq miqyasda dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə verəcək, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin beynəlxalq miqyasda təşviqinə xidmət edəcək, eyni zamanda Qazaxıstanın multikonfessional və multietnik cəmiyyət modelinin öyrənilməsi və təbliği baxımından faydalı olacaq. Onu da qeyd edək ki, Azərbaycan həm də BMT, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində multikulturalizmin tərəfdarı kimi çıxış edir. Bu siyasət yalnız nəzəri deyil, gündəlik həyatın bir hissəsidir.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanın dini və etnik zəmində ziddiyyətlərin qarşısını almaq təcrübəsi müasir dünyada sülhün qorunması baxımından önəmli nümunədir. Burada formalaşan tolerantlıq mühiti yalnız daxili sabitliyi təmin etmir, həm də beynəlxalq aləmdə sivilizasiyalararası dialoqa mühüm töhfə verir. Azərbaycanın nümunəsi göstərir ki, müxtəlif din və etnik qrupların birgə və qarşılıqlı hörmət şəraitində yaşaması mümkündür və bu, dövlət siyasəti, hüquqi təminatlar və ictimai ənənələrin sintezindən doğur.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.