AZ

Süni intellekt şirkətləri nə yaratmağa çalışır? Qısa bələdçi

Amazon, Microsoft, Google, Meta və OpenAI bu ilin sonunadək süni intellektin inkişafına ən azı 325 milyard dollar xərcləməyi planlaşdırır. Onlar bunu niyə edir?

OpenAI-nin baş direktoru Sam Altman şirkətinin süni intellektə nə qədər sərmayə qoyacağı barədə açıq danışmaqdan çəkinmir. “Yaxın gələcəkdə OpenAI məlumat emalı mərkəzlərinin tikintisinə trilyonlarla dollar xərcləməyi planlaşdırır”, – deyə Altman yaxınlarda bildirib. O, bunun şirkətin süni intellekt texnologiyalarını işlədən nəhəng hesablama gücü ilə bağlı olduğunu vurğulayıb. “Bir qrup iqtisadçı əlini göyə qaldırıb deyəcək ki, bu, sadəcə axmaqlıqdır. Bizim cavabımız isə sadə olacaq: qoy, biz öz işimizlə məşğul olaq”.

Bəs, əslində məsələ nədən ibarətdir? Texnologiya sənayesi sürətlə daha çox vəsait xərcləyərək kənd təsərrüfatı torpaqlarını məlumat emalı mərkəzlərinə çevirir, süni intellekt tədqiqatçılarını isə ölkənin ən yüksək maaş alan işçilərinə çevirir. Amma bu qədər pulun nəyə xərcləndiyini və əslində nə yaradıldığını izah etmək çətinləşir.

Onlar insana bənzər dərəcədə ağıllı sistem yaratmağa çalışırlar? Dünyanı dəyişəcək (və ya bəlkə də əvvəlcə məhv edəcək) tanrıvari maşın yaratmaq niyyətindədirlər? Yoxsa onilliklərdir satdıqları proqram təminatının sadəcə təkmilləşdirilmiş versiyalarını hazırlayırlar? Bütün bu pullar daha yaxşı onlayn dostlar və effektiv reklam üçünmü xərclənir? Yoxsa sadəcə fürsəti qaçırmaqdan qorxaraq hamı kimi eyni işi görürlər?

Bu məsələlərə azda olsa işıq salmaq üçün aşağıdakı tezislərlə tanış olaq:

Vəd edilən: Təkmilləşdirilmiş axtarış sistemi

Çat-botlar əslində axtarış sisteminə bənzəyir, fərq ondadır ki, onlar linklərin siyahısını deyil, sadə və anlaşılan cavablar yaradır. Bu, daha sürətli və intuitiv ola bilər, amma çat-botlar çox vaxt səhvlər edir və hətta cavablar “uydururlar”.

Niyə bunu edirlər? Google-un axtarış sistemi yüksək texnologiya sahəsində ən gəlirli biznesdir. Əgər şirkətlər daha yaxşı məlumat axtarışı üsulu təklif edə bilsələr, milyardlarla istifadəçisi olan bazarı qazana bilərlər.

Nə qədər realdır? Artıq yüz milyonlarla insan məlumat toplamaq üçün çat-botlardan istifadə edir. Təkcə ChatGPT-dən ayda 700 milyondan çox insan istifadə edir.

Amma bu texnologiyadan gəlir götürmək asan deyil. Çat-botun işləməsi adi vebsaytdan daha baha başa gəlir. Üstəlik, texnologiya axtarış reklamı kimi sınanmış gəlir modelinə də uyğun deyil.

OpenAI ayda 20 dollara satılan ChatGPT versiyasını təklif edir. Şirkət bildirir ki, bu, heç olmasa xidmətin xərclərini ödəyir. Amma pullu abunəçilər istifadəçilərin cəmi 6 faizini təşkil edir. Pulsuz versiya isə hələlik zərər gətirir, çünki OpenAI reklam modelinin tətbiqinə hələki başlamayıb.

Google isə hər gün 2 milyard insanın istifadə etdiyi axtarış sistemi vasitəsilə rüblük 54 milyard dollar reklam gəliri əldə edir.

Vəd edilən: Ofis işçiləri üçün məhsuldarlığı artıran alətlər

ChatGPT sadəcə suallara cavab vermir, həm də insanların işini asanlaşdırır: kompüter proqramları yaradır, sənədləri xülasələşdirir, iclas protokolları tərtib edir, məktublar generasiya edir, hətta elektron cədvəllər və onlayn təqvimlərlə işləyə bilir.

Niyə bunu edirlər? Texnologiya rəhbərləri hesab edirlər ki, süni intellekt hüquq, səhiyyə, media və digər sahələri dəyişəcək. Microsoft və OpenAI artıq proqramlaşdırma alətlərindən ciddi gəlir qazanırlar.

Amazon, Google, Meta, Microsoft və OpenAI bu il məlumat mərkəzlərinə 325 milyard dollardan çox sərmayə yatırmağı planlaşdırır. Bu, Belçikanın illik büdcəsindən 100 milyard çoxdur. Amazon-un baş direktoru Endi Cessi deyir ki, gələcəkdə infrastrukturlarının 10 faizi texnologiyanın yaradılmasına, 80–90 faizi isə müştərilərə xidmət göstərməyə sərf olunacaq.

Nə qədər realdır? Şirkətlər artıq süni intellekti test edirlər, amma ABŞ iqtisadiyyatı üzrə geniş tətbiq hələ baş verməyib. McKinsey & Company-nin araşdırmasına görə, şirkətlərin 80%-i generativ süni intellektdən istifadə edir, amma eyni dərəcədə çoxu bildirir ki, bu, “əsas nəticəyə ciddi təsir etmir”.

Hugging Face şirkətindən tədqiqatçı Saşa Luççioni deyir: “Xərclərin həcmi gəlirlə müqayisədə cüzidir. Bu kart evinin dağılması an məsələsidir”.

Vəd edilən: Universal rəqəmsal köməkçi

Texnologiya şirkətləri çat-botları müxtəlif istehlak məhsullarına və xidmətlərinə inteqrasiya edirlər. Məqsəd – süni intellekti hər yerdə mövcud olan rəqəmsal assistentə çevirməkdir.

Meta ağıllı eynəklərinə bu texnologiyanı əlavə edib: insanlar küçədə gəzərkən tarixi abidələr haqqında məlumat ala və xaricdə yol nişanlarını tərcümə edə bilirlər. Amazon isə süni intellekti alış-veriş saytlarına və Alexa səsli köməkçisinə tətbiq edir.

Niyə bunu edirlər? Rəqəmsal köməkçidən istifadə edəndə şirkətlərin diqqəti cəlb etmək və sizə nəsə satmaq imkanı artır. Ona görə də texnologiyanı bütün cihazlara və xidmətlərə yerləşdirməyə çalışırlar.

Nə qədər realdır? Meta-nın ağıllı eynəkləri hələ ki, bir neçə milyon insanda var. Amazon-un Alexa-sı daha geniş yayılıb, amma kompüter və telefonlarla müqayisədə auditoriyası çox kiçikdir. Alexa-nın özü 10 ildən çoxdur bazardadır, amma hələ də zərərlə işləyir.

Vəd edilən: “Süni intellekt dostları”

Meta, Character.AI və Elon Maskın xAI şirkəti süni intellekt botlarını təqdim edir. İnsanlar onlarla sosial şəbəkələrdə dost kimi ünsiyyət qura bilirlər.

Mark Zukerberq bildirib: “Orta statistik insanın həmişəkindən daha çox ünsiyyətə ehtiyacı var”.

Niyə bunu edirlər? Zukerberq və Mask bu xidməti ödənişli etmək istəyirlər. Mask botlarını ayda 300 dollara təqdim edir. Meta isə hələ də reklam üzərindən gəlir götürməyə üstünlük verir. Şirkət bildirir ki, süni intellektlə yaradılmış reklam elanları 7% daha çox kliklənir.

Nə qədər realdır? Bəzi insanlar artıq botları dost kimi qəbul edir. Amma bu, ciddi tənqid doğurur – süni intellekt real münasibətləri əvəz edə, sosial davranışda narahatlıq yarada bilər.

Vəd edilən: Elmi irəliləyişlər

Anthropic şirkətinin baş direktoru Dario Amodei hesab edir ki, yaxın illərdə süni intellekt “məlumat mərkəzindəki dahilər ölkəsinə” çevriləcək və ən böyük elmi problemlərin həllinə kömək edəcək.

O, proqnoz verib ki, süni intellekt gələcəkdə xərçəngi müalicə edəcək, yoxsulluğu aradan qaldıracaq və hətta orta insan ömrünü 150 ilə qədər uzadacaq.

Google-un AlphaFold sistemi artıq dərman hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə edib və kimya üzrə Nobel mükafatı qazanıb.

Vəd edilən: İnsan qədər ağıllı və ya daha güclü süni intellekt

Google-un DeepMind rəhbəri Demis Hassabis və Meta rəhbəri Mark Zukerberq “ümumi süni intellekt” (AGI) üzərində işlədiklərini bildirirlər. Bu, insan beyni ilə müqayisə oluna bilən, hətta ondan güclü sistem deməkdir.

Niyə bunu edirlər? 1950-ci illərdən bəri texnoloqlar “superzəka” yaratmaq arzusu ilə yaşayırlar.

Nə qədər realdır? “Ümumi süni intellekt” və “superzəka” anlayışlarının dəqiq tərifi yoxdur. Alimlər insan zəkasının nə olduğunu belə yekdil müəyyənləşdirə bilmirlər. Belə bir maşının yaranması hələ onilliklərlə uzaqda ola bilər.

Allen Süni İntellekt İnstitutunun qurucusu Oren Etzioni bildirir ki, bu yarış “acgözlük, eqo və fürsəti qaçırmaq qorxusu” ilə idarə olunur. “Əgər sadə cavab istəsəniz, deyərdim: FOMO” (yəni “fırsəti əldən vermə qorxusu”).

Altman etiraf edir ki, bu yarışda bəziləri uğur qazanacaq, bəziləri isə böyük məbləğdə pul itirəcək. “Kapitalizmdə elə belə işləyir”, – deyə o bildirib.

 

Seçilən
57
banker.az

1Mənbələr