ABŞ prezidenti Donald Trampın Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşü gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə "CBS News"un Ağ Ev müxbiri Cennifer Jacobs məlumat verib.
Onun sözlərinə görə, Trampın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Suriya lideri ilə görüşməsi üçün “planlar hazırlanır”. CBS müxbiri həmçinin vurğulayıb ki, əl-Şaraa son 67 ildə BMT-də çıxış edən ilk Suriya prezidenti olacaq.
Mayın 14-də prezident Tramp Ər-Riyada əl-Şaraa ilə danışıqlar aparıb. Amerika lideri Vaşinqtonun Dəməşqə onilliklər ərzində tətbiq etdiyi sanksiyaları ləğv etməyə başlayacağını açıqlayıb. İyulun 1-də o, Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən fərman imzalayıb, lakin bu, keçmiş prezident Bəşər Əsəd və onunla əlaqəli şəxslərə şamil edilmir.
Sentyabrın 9-da BMT Baş Assambleyasının yubiley sessiyası açılıb. Yüksək səviyyəli həftə sentyabrın 23-dən 29-dək davam edəcək.