Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Berlin, 19 sentyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlinin Şpandau rayonunda aşkarlanan İkinci Dünya müharibəsinə aid bomba uğurla zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, inşaat işləri zamanı tapılan bomba ilə əlaqədar səhər saatlarında Şpandau rayonunda 12 min 400 nəfər təxliyə edilib. Əhalinin təxliyəsindən sonra bombanın zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib və uğurla başa çatdırılıb.
Çəkisi 100 kiloqram olan bombanın Rusiya istehsalı olduğu müəyyən edilib.
Bundan əlavə, ötən gün axşam saatlarında Berlinin mərkəzində - Mitte rayonunda da İkinci Dünya müharibəsinə aid bomba aşkarlanmışdı. Hadisə ilə əlaqədar 10 min nəfər təxliyə olunmuşdu. Bu gün səhər həmin təhlükənin aradan qaldırıldığı açıqlanmışdı.
Qeyd edək ki, 2021-ci ildə Berlinin Gesundbrunnen, 2023-cü ildə isə Marzan rayonlarında müvafiq olaraq, 250 və 500 kiloqramlıq bombaların aşkarlanması ilə əlaqədar minlərlə sakin təxliyə edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.