“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunun açılış matçında “Karvan-Yevlax”la qarşılaşıb.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyundan sonra bölgə təmsilçisinin baş məçqçisi Xorxe Kaskilyanın mətbuat konfransı keçirilib.


Portuqaliyalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


“Öncə “Qarabağ”ı təbrik etmək istəyirəm. Bu bizim üçün, “Qarabağ” üçün tarixi nailiyyətdir. Təbii ki, bir portuqaliyalı olaraq “Benfika”nın qələbə qazanmasını istəyirdim. Amma “Qarabağ” Lissabonda 90 dəqiqə yaxşı oyun nümayiş etdirdi. Qələbəni haqq etdilər.


Oyun bizim üstünlüyümüzlə keçdi. İstədiyimiz kimi oyun qura bildik. Rəqib də çalışırdı, təzyiq göstərirdi ki, qol vursun, amma biz bunun qarşısını aldıq. Daha çox öz oyunumuzu rəqibə diqtə edə bildik. Artıq 2:0-dan sonra daha rahat oynamağa başladıq. Öz oyunumuzu nümayiş etdirə bildik. Bilirdik ki, rəqib qol vursa, oyunun axarı fərqli tərzdə gedəcəkdi. Ona görə də, biz buna mane olmağa çalışdıq və öhdəsindən də gələ bildik. Çoxlu qol şanslarımız oldu, üçüncü qolu axtarırdıq və nəhayət, ona da nail olduq.


Məqsədlərimiz nə idisə, elə də davam edir. Hər oyuna qələbə üçün çıxırıq. Aşağı liqadan gəlib ardıcıl qələbələr qazanmaq asan deyil. Amma bizim elə məqsədimiz bu idi. Dediyim kimi, hər oyuna qalib gəlmək üçün çıxırıq və bundan sonra da belə olacaq. Növbəti oyunlara hazırlaşacağıq.


Sözüm hakimlərədir. İlk dəfədir bu haqda danışıram. İki vacib vəziyyət oldu. Bir penaltimizi vermədi. Bir də, “Karvan”ın kapitanının Almeydaya qarşı sərt oynadığı epizodda qırmızı vərəqə verilməli idi. Bu,bötən həftə bizim oyunçuya verilən “qırmızı”dan daha sərt epizod idi”.