Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Söhbət ermənipərəst Konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.
Təxribatçı layihə Bakıda həbs olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur.
ABŞ Konqresində qəbul olunan bu düzəliş sırf erməni lobbiçiliyinin təsiri sayılarmı, yoxsa daha geniş geosiyasi maraqların nəticəsidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş düzəliş bizi təəccübləndirməməlidir. Onun sözlərinə görə, bu cür Azərbaycan əleyhinə yönəlmiş qərarlar əvvəllər də qəbul olunub, bundan sonra da qəbul olunacağı istisna deyil:
"Belə qərarlar ABŞ-də, Fransada, digər Avropa ölkələrində qəbul olunub və yaxın zamanlarda çox güman ki, Rusiya da bu prosesə qoşulacaq. Çünki Azərbaycana düşmən mövqedə olan qüvvələr yaxşı anlayırlar ki, ölkəmiz üçün suverenliyin təmin olunması və separatizmə son qoyulması nə qədər mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də, bizi bu mövzulardan vurmağa çalışacaqlar. Bunun da konkret yolları var. Bakıdakı məhkəmə prosesləri davam edən ermənilərin azadlığa buraxılması məsələsi gündəmə gətiriləcək və eyni zamanda, Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilərin kollektiv şəkildə geri qayıtması tələbi irəli sürüləcək. Halbuki Azərbaycan onların fərdi şəkildə qayıtmasına etiraz etmir, lakin kollektiv şəkildə geri dönüş tələbi hökumətimiz tərəfindən qəbul olunmur. Bunun əvəzində isə Azərbaycan tərəfi Qərbi Azərbaycandan, yəni Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın da geri qayıtması məsələsini gündəmə gətirir".
Politoloq qeyd etdi ki, ABŞ-də atılan bu addım, təbii ki, erməni lobbisinin təsiri altında qəbul edilmiş qərardır:
"Erməni lobbisi təkcə ABŞ-də deyil, Fransada, bir sıra digər Avropa ölkələrində, eləcə də Rusiyada kifayət qədər güclüdür. Biz isə bu cür addımlara hazır olmalıyıq. Xüsusilə də, Rusiyanın Azərbaycana qarşı atacağı mümkün düşmən addımların qarşısını almaq üçün maksimum səylə çalışmalıyıq. Çünki bu, bizim üçün daha ciddi təhlükə mənbəyi ola bilər. Odur ki, ABŞ-də atılmış bu addım bizi təəccübləndirməməlidir. Bundan əvvəl daha ağır qərarlar da qəbul olunub, o cümlədən bu günədək aradan qaldırılmayan Azadlığın Müdafiəsi Aktına 907-ci düzəliş nümunədir.
Azərbaycan hökumətinin həyata keçirdiyi müstəqil siyasətin əleyhdarları dünyada kifayət qədərdir. Onlar hər fürsətdən istifadə edərək ölkəmizə qarşı bu cür düşmənçilik addımları atmağa çalışacaqlar. Biz bunu bilməli, buna hazır olmalı və hər birimiz əlimizdən gələni etməliyik ki, belə qərarların qarşısını vaxtında ala bilək".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ Dövlət Departamentinin yenidən icazə vermə prosesinin bir hissəsi kimi nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.
Nuriyyə NATİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.