"Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunması prosesi hələ 2016-cı ilin aprelində başlamışdı. O dövrdə baş verən Lələtəpə əməliyyatında Azərbaycan ordusu ermənilərə böyük zərbə vurdu. Bu əməliyyat zamanı ermənilər çoxlu itki verdilər, xeyli texnikaları məhv edildi. Ən vacibi isə odur ki, Azərbaycan ordusu erməni ordusunu elə bir vəziyyətə gətirdi ki, Ermənistan ordusu bundan sonra özünü düzəldə bilmədi. Mənim fikrimcə, bütün bu proses Lələtəpə əməliyyatından başladı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, ehtiyatda olan polkovnik Elşad İsayev Azərbaycan Ordusunun antiterror əməliyyatındakı qələbəsindən danışarkən bildirdi.
"Həmin dövrdə Ali Baş Komandan İlham Əliyevin maraqlı bir çıxışı olmuşdu. O, demişdi ki, “Biz Lələtəpə əməliyyatı ilə erməni ordusu haqqında olan mifi darmadağın etdik”. Bu əməliyyatla dünya ictimaiyyətinə göstərildi ki, Ermənistan ordusu və Qarabağ ordusu döyüşkən və məğlubedilməz bir ordu deyil. Azərbaycan ordusu onların belini elə sındırdı ki, həmin dövrdə Ermənistan rəhbərliyi beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə müraciət edərək müharibənin dayandırılmasını xahiş etdi. Ali Baş Komandan o dövrdə əlavə etmişdi ki, “Vaxt gələcək, bu Lələtəpədə yüksələn bayraq Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə də yüksələcək”. Bəlkə o zaman bu fikir bir qədər inandırıcı görünmürdü, lakin sonra hadisələr göstərdi ki, 44 günlük müharibə və ardınca baş tutan antiterror əməliyyatı Azərbaycan ordusu və xalqının gücünü nümayiş etdirdi. Xalq və ordu birləşdi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaş bu məsələyə töhfəsini verdi".
Müsahibimiz qeyd etdi ki, Azərbaycan özü ərazi bütövlüyünü bərpa etdi və suverenliyini təmin etdi:
"Bu, böyük bir bayram və zəfərdir. Azərbaycan bu gün dünyada qalib və müzəffər xalq kimi tanınır. Biz xoşbəxtik ki, müdrik prezidentimiz və Ali Baş Komandanımız var. Eyni zamanda Azərbaycan ordusu da ölkəmizi qorumağa tam layiq bir ordu kimi formalaşıb. Azərbaycan xalqı ordusunun, əsgərinin arxasındadır. Bu böyük bayram münasibətilə bütün xalqımızı təbrik edirəm", - deyə Elşad İsayev yekunlaşdırdı.
Xədicə BAXIŞLI