AZ

Əməkdar artistin ailə ilə bağlı fikirləri müzakirə yaratdı Açıqlama

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Əməkdar artist Yusif Mustafayevin ailə ilə bağlı fikirləri müzakirələrə səbəb olub. O, “Günə uğurla” proqramında erkən evliliyin tərəfdarı olduğunu deyib.

Sitat: “Nəslimdə qanun qoymuşam: 24 yaş son subaylıq həddidir. O yaşa kimi evlənmək lazımdır. Nə qardaşlarım, nə də balaları, nə də öz övladlarım sözümdən çıxmayıb”.

Bu mövqe həm ənənə, həm də şəxsi seçim azadlığı məsələlərini gündəmə gətirib.

Gənclərə evlilik üçün yaş həddi qoymaq indiki dövrdə nə qədər məntiqlidir?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, araşdırmalara əsasən, insanların nəsil artırma potensialı 22-25 arasında, xüsusilə 24 yaş civarında ən yüksək səviyyədə olur:

“Yəni bir insanın həmin yaş aralığında ana olması ilə prosesin 30 yaşında gerçəkləşməsi arasında sağlamlıq baxımından əhəmiyyətli fərqlər var. Bu dövrdə hamiləlik daha rahat keçir, doğuşun təbii yolla ən təhlükəsiz formada baş tutma ehtimalı yüksək olur. 30 yaşında ana olan qadınlarda bəzən psixoloji və fiziki çətinliklər yarana, hamiləlik, yaxud doğuş istənilən formada reallaşmaya, bəzən isə sağlamlıq problemləri meydana çıxa bilər. Buna görə də Yusif Mustafayevin dediyində həqiqət var. 24 yaşa qədər evlənmək faydalı hesab olunur. Lakin son illərin trendi göstərir ki, 22 yaşında evlənən gənclər bəzən buna görə tənqid olunur. Əgər gənc həm təhsilini davam etdirə, həm karyerasını qura, həm də evlənə bilirsə, bu, tamamilə onun fərdi seçimi və imkanları ilə bağlıdır”.

Lalə Mehralı

Sosioloq qeyd edib ki, yetkinlik yaşına çatan, yəni 18 yaşını keçən gənclərin evlilik istəyi onların hüququdur:

“Valideynlərinin dəstəyi varsa, qanun və insanlar bunu qadağa edə bilməz. Fizioloji baxımdan qadınlarda 22-24 yaş arası, kişilərdə isə 27 yaşa qədər nəsil artırma qabiliyyəti daha yüksəkdir. Həm də genefondun inkişafı üçün faydalıdır. Hazırda maddi imkansızlıq səbəbindən gənclər 28-30 yaşında evlənməyə məcbur qalır, lakin bu, fizioloji baxımdan optimal deyil. 30 yaşa qədər evlənmək fizioloji və sosial baxımdan gec sayılır. Amma son illərdə yaşanan çətinliklər və şərait bunu normallaşdırıb”.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
globalinfo.az

1Mənbələr