AZ

Şiveluç vulkanı 4,5 kilometr yüksəkliyə kül püskürüb  

Sentyabrın 19-da Kamçatkada Şiveluç vulkanı dəniz səviyyəsindən 4500 metr hündürlüyə qədər kül atıb. Bu barədə Rusiyanın dövlət mediası xəbər yayıb. Bildirilir ki, Şiveluç üçün narıncı kodlu aviasiya xəbərdarlığı verilib. Vulkanın aktivliyi yerli hava nəqliyyatı üçün təhlükə yaradır.

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupunun mətbuat xidməti bildirib ki, kül dumanı vulkandan təxminən 20 kilometr şimala doğru uzanıb.

Şiveluç, təxminən 5000 insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi kəndindən 45 kilometr aralıda yerləşən Kamçatkanın ən şimalındakı aktiv və ən böyük vulkanlarından biridir. Onun  60-70 min il yaşı olduğu təxmin edilir.

Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsinin direktoru Danila Çebrov təsdiqləyib ki, Kamçatkadakı Şiveluç vulkanına son zəlzələlər səbəbindən ən yüksək qırmızı aviasiya təhlükəsi kodu verilib, digər vulkanlarda isə aktivlik azalır.

"30 iyul zəlzələsindən sonra bir neçə vulkanda aktivlik əhəmiyyətli dərəcədə artdı. Bu, onların yay seysmik hadisələri ilə "sarsıdılmış" toplanmış enerjisi ilə əlaqədardır. Payızda onlar bu enerjini toplamamışdılar, ona görə də aktivliyin artması yəqin ki, gözlənilmir. Yalnız Şiveluç aktivliyi artırır; biz ona birbaşa olaraq qırmızı aviasiya kodu təyin etmişik. Şiveluç proqnozlaşdırılması kifayət qədər çətin vulkandır, heç bir qanunla idarə olunmur, lakin seysmik hadisələrə görə onun aktivliyi hazırda artır”, - Çebrov bildirib. 

Danila Çebrov bildirib ki, afterşok prosesi hazırda əksər güclü zəlzələlərə xas olan tipik sxem üzrə gedir.

"Artşok prosesi gözlənildiyi kimi inkişaf edir və hər şeyin əksər güclü zəlzələlərə xas olan tipik sxemə uyğun olması bizi sevindirir. Ümid etmək üçün əsas var ki, sentyabrın 19-da səhər saatlarında baş vermiş zəlzələ iki ay ərzində baş verəcəyini gözlədiyimiz kimi eyni güclü afterşok olub. Bununla belə, yaxın gələcəkdə 7,5 bal gücündə təkrar seysmik hadisənin baş verməsini istisna edə bilmərik", - alim bildirib.

Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, ekspertlər cümə günü səhər Kamçatkada baş verən 7,4 bal gücündə zəlzələdən sonra 30-dan çox yeraltı təkan qeydə alıblar..

Bildirilir ki, Moskva vaxtı ilə saat 00:33-2:27 arasında baş verən yeraltı təkanların gücü 4,2-5,8 bal təşkil edib. Onların hamısı okeanda, episentri 10,4-52,9 kilometr dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin rəsmi Telegram kanalı səhər saatlarında baş verən ən güclü zəlzələnin maqnitudasının 7,8 bal olduğunu bildirib.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 162 kilometr şərqdə yerləşib.

Kamçatka Sunaminin Monitorinqi və Xəbərdarlıq Mərkəzinin məlumatına görə, bölkədə sunami təhlükəsi ötüşüb. Əhalinin təxliyəsinə ehtiyac olmayıb. 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr