AZ

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib -Fotolar



Sentyabrın 19-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq, qarşıdakı sessiyada komitə üzvlərinə fəaliyyətlərində uğurlar diləyib və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri, əvvəlcə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiya ərzində komitənin 7 iclası keçirilib, həmin iclaslarda 12 məsələ müzakirə edilib. Bununla yanaşı, komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 300-ə yaxın müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ötən sessiya dövründə komitədə dinləmələr keçirilib, habelə deputatların beynəlxalq tədbirlərdə iştirakı baş tutub.

Sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin qarşıdakı payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət sahəsi çərçivəsində ictimai dinləmələrin təşkili, vətəndaşlarla görüşlərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.
Komitə sədri iclasın son məsələsini - “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr 113-VIIQD nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, layihə artıq qanunvericilikdə təsbit olunan uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalarla bağlı müddəalara uyğunlaşdırma xarakterlidir. Belə ki, qanunvericilikdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib. Həmçinin, komissiyaların səlahiyyətlərində müəyyən dəyişikliklər olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Mehriban Vəliyeva, Pərvin Kərimzadə, Səbinə Xasayeva, Sevinc Hüseynova, Günay Ağamalı, İlham Məmmədov, Müşfiq Məmmədli və Könül Nurullayeva çıxış edərək rəy və təkliflərini bildiriblər.
İclasda komitənin ötən sessiya dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, qarşıdakı sessiya üçün iş planı təsdiqlənib, qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Seçilən
21
2
aia.az

4Mənbələr