AZ

Antiterror əməliyyatı separatizmi dəstəkləyənlərə əyani bir dərs oldu Polkovnik

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan xalqının tarixində 19-20 sentyabr 2023-cü il tarixində baş tutan, 23 saat 45 dəqiqə davam edən antiterror əməliyyatının xüsusi yeri və tarixi əhəmiyyəti vardır. Bu əməliyyatın önəmi ondan ibarətdir ki, Azərbaycan Qarabağdakı separatizmə qəti şəkildə nöqtə qoydu və bununla da müəyyən qüvvələrin planlarını pozdu. Əməliyyat hərtərəfli hazırlanmışdı. Buna qədər Azərbaycan üzərinə düşən bütün işləri yerinə yetirmişdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda baş tutan antiterror əməliyyatından danışarkən bildirdi.

"Əməliyyata qədər erməni millətindən olan vətəndaşlara SMS vasitəsilə, həmçinin paylanan xəbərdarlıq vərəqələri ilə məlumat verilmişdi. Eşidən eşitdi, eşitməyənlər isə antiterror əməliyyatının möhtəşəm icrasının şahidi oldu. Əməliyyatdan əvvəl Laçın sərhəd buraxılış məntəqəsindən könüllü çıxan şəxslər müəyyən təbliğatın təsiri altında hərəkət etmişdilər; xüsusilə Rusiya və erməni separatizmini dəstəkləyən qüvvələrin təsiri hiss olunurdu. Lakin istənilən halda Azərbaycan qarşıya qoyduğu məqsədə nail oldu. Ümumilikdə, bu əməliyyat həm Ağdam, həm Kəlbəcər istiqamətindəki düşmən təxribatına cavab xarakteri daşıyırdı", - deyə o vurğuladı.

Müsahibimizin sözlərinə görə, 19-20 sentyabr əməliyyatı ilə bağlı çoxsaylı yazılar və müzakirələr aparılıb, lakin gələcəkdə də onun siyasi, hərbi və hərbi-siyasi əhəmiyyəti haqqında fikir mübadiləsi davam edəcəkdir.

"Mən hesab edirəm ki, Azərbaycan 2020-ci ildə 27 sentyabrda Qarabağda başladığı haqq savaşını sona yetirə bilərdi. Lakin 44 gün davam edən müharibədən sonra bu prosesə mane olan qüvvələr oldu, konkret olaraq Rusiya Federasiyası müdaxilə etdi və xeyli vaxt itkisinə səbəb oldu. Bu 3 il ərzində şəhidlər, yaralananlar və əlillər oldu. Buna baxmayaraq, 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə nail oldu. Antiterror əməliyyatı həm düşmənlərə, həm də separatizmi dəstəkləyənlərə əyani bir dərs oldu", - deyə Üzeyir Cəfərov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
redaktor.az

2Mənbələr