AZ

Fors major hal yarandıqda, şagirdlər valideynə zəng edə bilərlər AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu açıqlamasında bildirib ki, məktəblərə ağıllı telefonların gətirilməsi qadağan olunacaq. "Sadəcə zəng funksiyası olan adi telefonlardan istifadə etmək mümkündür, lakin dərs müddətində çantada saxlanmaq şərti ilə", - deyə o, qeyd edib.

Bəs bu qadağa dərslərin keyfiyyətli keçirilməsinə, şagirdlərin daha yaxşı təhsil almasına necə təsir edəcək? Həmçinin, qadağa yalnız dərs zamanı tətbiq olunmalıdır, yoxsa məktəbin bütün ərazisində?

Redaktor.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, şagird davranış qaydaları ilə bağlı artıq bu tədris ilindən etibarən müəyyən tələblər bütün ölkəmizdə fəaliyyət göstərən tam orta təhsil müəssisələrinə tətbiq olunmağa başlayıb və həmin qaydaların içərisində mobil telefon məsələsi də öz əksini tapıb:

"Yəni artıq şagirdlər təhsil prosesində, dərs gedişatında mobil telefondan istifadə edə bilməyəcəklər, çünki bu, şagird davranış qaydalarının əsasında qadağan olunur. Bu qayda artıq bütün ölkə üzrə tətbiq olunur və mən düşünürəm ki, doğru addımdır. Valideynlərin övladları ilə hər hansı təcili vəziyyətdə əlaqə saxlaması məsələsinə gəlincə, onsuz da təhsil müəssisəsində şəhər telefonu mövcuddur. Həmçinin müəllimlərdə, sinif rəhbərlərində və məktəb rəhbərliyində mobil telefonlar var. Hər hansı fors-major hal yarandıqda, onlar valideynlə əlaqə saxlaya bilirlər. Digər tərəfdən, valideyn də bilir ki, övladı saat səkkizdən saat birə qədər və ya saat birdən altıya qədər dərsdədir. Əgər təcili vəziyyət yaranarsa, valideyn məktəbin nömrəsi və ya sinif rəhbərinin mobil nömrəsi vasitəsilə müraciət edə bilər. Buna görə də düşünürəm ki, “valideyn övladı ilə əlaqə saxlamalıdır” kimi söylənən fikirlər əslində bəhanə xarakteri daşıyır".

Müsahibimiz vurğuladı ki, valideynlər övladlarının üzərində mobil telefon gəzdirməsinə imkan yaradırlar.

"Halbuki mobil telefonun istifadəsi şagirdlərin ümumi bilik və bacarıqlarına mənfi təsir göstərir. Çünki şagirdlər bu aləti çox vaxt dərsdən kənar məqsədlərə yönəldirlər: sosial şəbəkələrdə vaxt keçirirlər və s.

“Qadağa yalnız dərs zamanı tətbiq olunmalıdır, yoxsa məktəbin bütün ərazisində?” sualına gəldikdə isə, təbii ki, hər iki halda telefon qadağası mütləqdir. Şagird məktəbə telefonla gələ bilər, bu, problem deyil. Amma məktəb binasına daxil olduqdan sonra telefonunu təhvil verməli, yalnız dərs bitəndə geri götürməlidir. İstər dərs vaxtı, istərsə də tənəffüs zamanı mobil telefondan istifadə məhdudlaşdırılmalıdır.

Məktəblərdə bu qaydanın həm ədalətli, həm də praktik icrası üçün ən yaxşı mexanizm ondan ibarətdir ki, bütün ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin hər birində telefonlar dərs başlanarkən toplanmalı, dərs bitəndə isə şagirdlərə qaytarılmalıdır. Mənim fikrimcə, ən uyğun qərar budur. Bu addım şagirdlərin ümumi bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək. Əgər qaydalara ciddi riayət olunarsa, bu, şagirdlərin təhsilinə müsbət təsir göstərəcək. Çünki mobil telefon dərs gedişatında onların diqqətini yayındırır, dərsə tam adaptasiya və fokuslanma imkanı vermir. Amma telefon onların üzərində olmayanda, istifadəsi məhdudlaşdırılanda diqqət daha çox dərsə yönəlir. Bu da təhsil keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir", - deyə Elçin Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
redaktor.az

2Mənbələr