AZ

Bakıda otellərin qiymətində şok bahalaşma Siyahı

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda yerləşən bir çox 4 və 5 ulduzlu otellərdə qiymət artımı müşahidə olunur. Bahalaşma xüsusilə yarış trası (Bakı Şəhər Halqası) yaxınlığında yerləşən otellərdədir. Artıq əksər otellərdə yerlər tam dolub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, ən yüksək qiymət "Four Seasons Hotel Baku"dadır. Burada 4 günlük qonaqlama 5 025 manatdan başlayaraq 7 684 manata qədər yüksəlib.

"Fairmont Baku Hotelin" rəsmi vebsaytında 18-22 sentyabr tarixləri üçün dörd günlük paketin qiyməti 1460 manatdan 3245 manata qədər dəyişir.

"The Ritz-Carlton Baku"da eyni tarixlərdə qiymət 1900-2250 manat, "Şirvanşah" otelində qiymət isə 1161 manat səviyyəsindədir.

"Sheraton Baku Intourist Hoteli"də isə qiymətlər daha münasibdir. Belə ki, sözügedən oteldə sentyabrın 18-dən 21-ə qədər olan müddətdə qonaqlama xidməti 750 manat təşkil edir.

4 ulduzlu otellərə gəlincə, eyni tendensiya burada da müşahidə olunur. Belə ki, "Smith Hotel Baku"da 4 gecəlik qonaqlamanın dəyəri 1235 - 1551 manat, "Premiere Baku"da isə 988 - 1890 manat arası dəyişir. Ən diqqətçəkən qiymət isə "Sahil Inn otel"də qeydə alınıb - burada Formula 1 trasına panoramlı otaqlar 2675 manatdan başlayan qiymətlərlə təklif olunur.

Bəzi otellərdə artıq boş otaq qalmayıb. Belə ki, "JW Marriott Absheron Baku" və "Hilton Baku"da yarışın keçirildiyi tarixlərdə bir dənə də olsun boş otaq yoxdur.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi bildirib ki, bu tendensiya Formula-1 yarışlarının keçirildiyi bütün şəhərlərdə adi hal hesab olunur:

"Turist axınının ən böyük təsiri otel bazarında hiss olunur. Tras ətrafında və mərkəzi ərazilərdə yerləşən beşulduzlu mehmanxanalar artıq tam doludur. Burada qiymətlər adi dövrlə müqayisədə 2–3 dəfə, bəzi balkonlu otaqlar və tras üzərindəki apartamentlərdə isə 5–7 dəfə artıb. Orta seqmentdə qiymətlər 1.5–3 dəfə yüksəlib, büdcə yerlərində isə hələ də nisbətən münasib variantlar qalsa da, tələbat gündən-günə artır. Sinqapur və Monako nümunəsində olduğu kimi, qiymətlərin kəskin artması və yarış səbəbilə bir sıra yolların bağlanması yarışın gətirdiyi iqtisadi fayda və beynəlxalq tanıtım dəyəri ilə müqayisədə daha az əhəmiyyət daşıyır”.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin açıqladığı məlumata görə isə, bu ilki Formula-1 yarışları ilə əlaqədar 13 mindən çox xarici turistin Azərbaycana səfəri gözləniləndir.

Rəsmi statistikaya görə, hər bir turist ölkəmizdə orta hesabla 5 gecə qalır və bu müddət ərzində 2200 dollardan çox vəsait xərcləyir. Bu isə ən minimal hesablamalara görə, yalnız xarici qonaqların Azərbaycan iqtisadiyyatına 30 milyon dollardan artıq vəsait qoyması deməkdir.

Qeyd edək ki, bu gündən Bakıda artıq Formula-1 üzrə məşqlər və test yürüşləri start götürüb, bazar günü isə əsas yarış baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
axar.az

4Mənbələr