AZ

Tramp ABŞ-də müxalif televiziyaların ləğv olunmasını istəyir


ABŞ Prezidenti Donald Tramp hökumətin ona müxalif olan televiziya şəbəkələrinin yayım lisenziyalarını ləğv edə biləcəyini bəyan edib.
Yeniavaz.com
CNBC-yə istinadən xəbər verir ki, Tramp bu fikri “Air Force One” təyyarəsində jurnalistlərlə söhbətində səsləndirib.
Trampın açıqlaması ABC telekanalının “Cimmi Kimmel Live” verilişinin efirini dayandırmasından bir gün sonra gəlib. Kanal bu qərarı aparıcının sağçı fəal Çarli Kirkin qətli ilə bağlı səsləndirdiyi şərhlərlə əlaqələndirib. Xatırladaq ki, Tramp hələ bu hadisədən əvvəl də Kimmelin çıxışlarını sərt tənqid edib və verilişin dayandırılmasını alqışlayıb.
Prezident bildirib ki, qərar Federal Rabitə Komissiyasının (FCC) sədri Brendan Karrın səlahiyyətinə daxildir:
“Düşünürəm ki, bəlkə də onların lisenziyası ləğv edilməlidir. Bu məsələ Karrdan asılı olacaq”.
O, həmçinin ABC, CBS, NBC və FOX-u Demokrat Partiyasının “ruporu” adlandırıb. Trampın sözlərinə görə, bu kanalların yayımları FCC lisenziyası ilə həyata keçirilir və tamaşaçılara pulsuz təqdim olunur, bu da onları kabel televiziyalarından fərqləndirir.
Qeyd edək ki, 31 yaşlı Çarli Kirk 10 sentyabrda Yuta ştatında universitetdə çıxışı zamanı qətlə yetirilib. Şübhəli şəxs – 22 yaşlı Tayler Robinson atasının vasitəsilə polisə təslim olub və hazırda qəsdən adam öldürməkdə ittiham edilir. Onu ölüm cəzası gözləyir.
Kirk ABŞ-də ən tanınmış gənc mühafizəkar fəallardan biri idi. O, özünü “ölkədə ən böyük və ən sürətlə böyüyən mühafizəkar gənclər təşkilatı” adlandıran “Turning Point USA”in qurucusu kimi təqdim edirdi. Tramp onun ölümünü “böyük, hətta əfsanəvi itki” kimi dəyərləndirib.
ABC-nin məşhur aparıcısı Cimmi Kimmel isə 15 sentyabr efirində Kirk qətlinin siyasi motivli ola biləcəyini irəli sürərək, MAGA hərəkatını faciədən “siyasi xal toplamağa çalışmaqda” ittiham edib. Bu çıxışdan sonra şəbəkə verilişi dayandırmaq qərarı verib.
Trampın açıqlamaları ABŞ-də söz azadlığı və media üzərində siyasi təzyiqlər mövzusunda geniş müzakirələrə səbəb olub. FCC sədri Karr sentyabrın 17-də bəyan edib ki, əgər ABC Kimmellə bağlı tədbir görməsəydi, telekanalın lisenziyası risk altında qala bilərdi.
Hazırda Trampın bu bəyanatı Vaşinqtonda həm hüquqi, həm də siyasi dairələrdə ciddi rezonans doğurur, çünki yayım lisenziyalarının ləğvi medianın fəaliyyətinə birbaşa təsir edə bilər.

Elnur Əli
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr