Şimali Koreya lideri Kim Çen In pilotsuz uçuş aparatlarının süni intellektlə uyğunlaşdırılaraq imkanlarının artırılması barədə göstəriş verib.
"Cebheinfo.az" xəbər verir ki, Kim Çen In inkişaf etdirilən son texnologiyalı pilotsuz uçuş aparatlarının (PUA) performans testini nəzarətdə saxlayaraq, onların süni intellektlə uyğunlaşdırılması ilə əməliyyat qabiliyyətlərinin artırılması barədə göstəriş verib.
Nüvə silahı və ballistik raket proqramı ilə Koreya Yarımadası və ətraf bölgələrdə təhlükəsizlik narahatlıqlarını artıran Şimali Koreya bu dəfə son texnologiyalı PUA-larını təqdim edib.
Şimali Koreya rəhbərliyinin verdiyi açıqlamaya görə, ölkə lideri Kim Çen In strateji-taktiki kəşfiyyat və hücum PUA-ları ilə çoxməqsədli PUA-ların performans testini izləyib.
Kim aparatların texniki xüsusiyyətləri və döyüş qabiliyyətləri barədə rəsmilərdən məlumat alaraq, PUA texnologiyalarının müasir döyüşlərdə getdikcə daha vacib hərbi elementə çevrildiyini vurğulayıb.
Şimali Koreya ordusunun modernləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirən Kim, bu çərçivədə PUA-ların süni intellektlə inteqrasiyası vasitəsilə əməliyyat imkanlarının artırılması barədə göstəriş verib.